Aləmzər Sadıqqızı - Yenə həsrətinə yaxalanmışam...

Ədəbiyyat 11:05 / 08.12.2025 Baxış sayı: 382

 

Yenə darıxıram, yenə əzizim,

Yenə həsrətinə yaxalanmışam.

Ay səsi gözəlim, qəlbi təmizim,

Yaman qəribsədim, yaman, bu axşam.

 

Ürəyim uçunur səsinə sarı,

Könlümün içində səsin göynüyür.

Qayıt səsin ilə yaramı sarı,

Ruhumun icində səsin döyünür.

 

Ürəyim yüz yerdən damır qadası,

Saçlarım darıxır əlindən ötrü.

De görüm, ürəyin sızıldayırmı?

Səsinlə yaşayan dəlindən ötrü.

 

Ömrümdə çatmayan səsinmiş demə...

Ondan bu dünyanı kar gəzirmişəm.

Söz deyim sən Allah, sözümə gülmə...

Sənsiz dörd yanımı kor gəzirmişəm...

 

Mən indi duyuram səsin sehrini,

Mən indi bilirəm səadət nədir...

Elə salmışam ki, sənə mehrimi,

İndi anlayıram məhəbbət nədir.

 

Gözümdə, könlümdə yatan aləmi,

Səsinlə, sözünle oyandırmısan.

Ömrümü çürüdən ahu-naləmi,

Eşqinlə, sevginlə dayandırmısan...

 

Səsin gəlməyəndə ömrümdən gedir,

Neçə xoş xəyalım itir gözümdə,

Gözümün yaşında islanan səsin,

Gör necə üşüyür ürək

sözümdə.

7.12.2024.