Ayaz Arabaçı - Yolçu gedir…

Ədəbiyyat 11:50 / 08.12.2025 Baxış sayı: 172

 

Yol uzanır,hava qaralır,

Külək vurur, soyuq kəsir, nəfəs daralır..

Yolçu gedir, yolu dağa-dərəyə düşür,

Yolçu gedir, yol uzanır, itlər hürüşür.

Yolçu gedir soyuq onu bitirə bilmir,

Yolçu gedir, zülmət onu itirə bilmir..

Üfüqləri yarıb keçir odlu sözləri,

Yolçu gedir,işıq saçır mavi gözləri-

Heç bir ulduz o gözlərin bərqində deyil..

Arxasınca gələn varmı fərqində deyil.

Gedir özü bir orduya bərabər adam,

Kişi adam, igid adam, oğul-ər adam.

Yolçu gedir…

Yol uzanır,hava qaralır,

Külək vurur, soyuq kəsir, nəfəs daralır..

Hiss olunmur qəzəbinin dolub-daşması,

Gəliir hərdən qulağına it ulaşması.

Gəlir hərdən qulağına çaqqal səsləri.

(Görüm Tanrım yoxa çəksin bu nəfəsləri)

O düşünür bu yer bir şər məbədi deyil.

(Heç bir xalqın qaranlığı əbədi deyil.)

Yolçu gedir fürsətçilər vurur, daşlayır..

O uçuşa, addım-adım dönüb təzədən,

Qanadının qırıldığı yerdən başlayır.