Rəfail Tağızadə
Çıxım gedimmi gecədən
Çıxım gedimmi gecədən-
gecə mənim gecəm deyil,
kürəyimə atılan da
təzə dərddi, keçən deyil.
Əynimə çiskin geymişəm
qaranlığın qucağında,
əllərini qızdırıram
ürəyimin ocağında.
Şimşək qapımı döyür
sən gizlən içərimdə,
içimə bir işıq sal,
nur saçsın içərim də.
Pozar gecənin sükutun
cüt, qoşa addım səsimiz,
gəl, yaxın dur, isidəcək
bu gecəni nəfəsimiz.