Saqif Qaratorpaq - Yuxu
Sən mənə çox yaxın ola bilərdin...
Olmadın...
Neyləyək,bu da dərd deyil.
Sevənlər həmişə qovuşmur axı!
Yaxında,uzaqda olmaq şərt deyil.
Nə var,ötüb keçdi...biz də barışdıq.
Çox gecdi ağlamaq bu qismət üçün.
Zamanı geriyə qaytarmaq olmur,
Ömür bir sınaqdı məhəbbət üçün.
Yarama duz basıb dözərəm belə,
Ancaq bir kimsənin olmaz xəbəri.
Zülməti deşərəm kipriklərimlə,
Hər gün gözlərimdən asıb səhəri.
Səni xatirələr qoymaz yatmağa,
Isti qum yandırar ayaqlarını.
Mürgülü-mürgülü su axtararsan,
Hər gecə duz kəsər dodaqlarını.
Dalğalar cırpılar yuxularına,
Küləklər sacını öpüb qayıdar.
Halına bir azca acıyar dəniz,
Yarana sərin su səpib qayıdar.
Sən mənə yaxındın bir nəfəs qədər,
Çox heyif...çox heyif,indi uzaqsan.
Gəlinlik donunu geyib əyninə,
Gecələr yuxuma gələn qonaqsan...