Süleyman Rüstəm – UÇUNUZ

Ədəbiyyat 10:29 / 08.12.2025 Baxış sayı: 158

 

Hara uçursunuz, bilim, durnalar!

Mənim tərcümanım, dilim durnalar!

 

Nə olar, uçunuz mən deyən yerə,

Sizə əhsən deyim gündə min kərə,

Dolsun səsinizlə bütün dağ, dərə.

Sizindir çəmənim, çölüm, durnalar,

Şəlaləm, dənizim, gölüm, durnalar.

 

Gülməyin gözümdən axan yaşıma,

Baharda qar yağıb mənim başıma.

Neyləyim, bacıma, qan qardaşıma

Çoxdandır çatmayır əlim, durnalar,

Bunu yaxşı bilir elim, durnalar.

 

Arazdan o taya ötürün məni,

Arzuma-kamıma yetirin məni.

Paylayım sevinci, şe`ri, nəğməni,

Dəysin dost əlinə əlim, durnalar,

İkiqat olmamış belim, durnalar!

 

Doğma Arazımın qırağındayam,

Bir qaragözlünün fərağındayam,

Həm bacı, həm qardaş sorağındayam,

Məni qorxutmayır ölüm, durnalar!

El gülsün, mən də bir gülüm, durnalar.