Vahid Aslan : - Xəstəxanada yazılan şeir

Ədəbiyyat 13:08 / 18.08.2025 Baxış sayı: 2446

 

Ayrı cür görünür yazın gəlişi,

Quzum, xəstəxana pəncərəsindən;

Yanına sevdiyin qızın gəlişi

Onsuz da bilinir ayaq səsindən;

 

Dərman qoxusunu qovur otaqdan,

Gözünün kədəri, saçının ətri;

Öldürür bir sual məni bayaqdan:

- Axı neylədim ki, mən səndən ötrü...

 

Axı nə biləydim, hardan biləydim

Xəstədi gözünü sevən ürəyim!

Səni tapmamışdan gərək öləydim,

A mənim olanım, varım, gərəyim!

 

... Soyuq xəstəxana divarlarını,

Tale qisməti tək yozmaq olarmı?

Görən, ürəyimin ağrılarını,

Sənin ayağına yazmaq olarmı?..

25.05.2017