Vahid ASlan : -  Dağlar

Ədəbiyyat 14:23 / 12.08.2025 Baxış sayı: 2340

 

Köksündə çağlayan buz bulağının,

İçdim nəğməsini, duruldum, dağlar!

Meşəndə boy verən quzqulağının

Turşməzə dadına vuruldum, dağlar!

 

Sevdim çəməninin naxışlarını,

Küskün bənövşənin baxışlarını.

Qalxdım daş-kəsəkli yoxuşlarını,

Bircə yol demədim yoruldum, dağlar!

 

Dedim, qoy başına dolanım sənin!

Eşidib, başına dolandı çənin!

Qıvrılıb zirvəndən dərəyə enən

Sivri gədiklərdə, yol oldum, dağlar!

 

Səndən uzaqlarda olsam, üşüdüm.

Sandım ki, ömrümü heydən düşürdüm...

Məğrur qayalara baxıb, düşündüm,

Nə yaxşı, qoynunda doğuldum, dağlar!

24.07.2021