SELİNLƏ BABANIN TƏBİƏT  HAQQINDA SÖHBƏTLƏRİNDƏN

YAZARLAR 13:35 / 04.09.2025 Baxış sayı: 8529

 

(2-ci söhbət)

                                             Yer planeti haqqında

                                                         

 

       Axşam idi. Selinlə Baba eyvanda oturub söhbət edirdilər. Göydə ulduzlar yenicə parıldamağa başlamışdı. Hava sakit idi, quşların səsi kəsilmiş, uzaqlardan yalnız  cırcıramaların həzin sədası  eşidilirdi.

Selin başını qaldırıb göyə baxdı və maraqla soruşdu:

Baba, görəsən göydə neçə ulduz var? Onların böyüyü topdan da kiçikdir?

Baba gülümsədi, Selini qucağına aldı və göyə baxaraq danışmağa başladı:

— Selinim, göydəki ulduzlar o qədər çoxdur ki, heç kəs onların sayını hələ dəqiq bilmir. Gördüyün Ay bizə yaxın olduğuna görə böyük görünür. Amma, əslində ulduzların çoxu Aydan qat-qat böyükdür. Onların içində hətta Yerdən yüzlərlə dəfə böyük olanları da var.

Heyrətdən Selinın gözləri bərəldi:

Demək, göyün içərisi doludur?

— Elədir, balam. Planetlər də var. Hamısı Günəşin ətrafında fırlanır, necə ki, sən karuseldə oturub fırlanırsan. Bizim Yer də həmin planetlərdən biridir.

Selin maraqla yenə soruşdu:

Bəs Yer planeti nədir, baba?

— Planet — çox-çox böyük, yuvarlaq daş və torpaq topuna bənzəyir. O, ucu-bucağı görünməyən boşluqda, yəni kainatda üzür. Bizim yaşadığımız Yer də belə bir planetdir. O, Günəşin ətrafında fırlanır. Yerin üstündə dənizlər, dağlar, meşələr, çöllər var. İnsanlar, heyvanlar, quşlar və çiçəklər hamısı Yerdə yaşayır.

Selin babasının sözlərini maraqla dinləyirdi. Baba davam etdi:

— Bizə elə gəlir ki, Yer həmişə bu cür olub. Amma əslində, çox qədim zamanlarda o, tamam başqa görkəmdə idi. Onun səthi gah od kimi qızmış, gah da buzlarla örtülmüşdü. İnsanlar hələ yaranmamışdan çox əvvəl qəribə heyvanlar və bitkilər yaşamış, sonra isə yox olmuşdular.

Selin heyrətlə dilləndi:

— Onlardan heç nə qalmayıb ki?

— Qalıb, balam. Daşa dönmüş izləri — fosilləri — qayaların, dağların içində, hətta dənizlərin dibindən çıxan daşlarda tapırlar.

Bir qədər susdular… Ulduzlar göydə daha da parlaq görünməyə başladı.

Selin soruşdu:

— Baba, bəs biz niyə başqa planetlərdə yaşamırıq?

— Çünki Yerdə həyat üçün lazım olan hər şey var: su, hava və Günəşin istiliyi. Başqa planetlərdə isə bu şərait yoxdur.

Selin başını yana əyib düşündü:

— Yer hərəkət edir deyirsən. Bəs biz niyə onun fırlandığını hiss etmirik?

Baba gülümsədi:

— Çünki Yer çox böyükdür. O, elə sakit və həzin fırlanır ki, biz bunu duymuruq. Elə bil böyük bir gəmiyə minmisən, kiçik dalğaları hiss etmirsən.

— Bəs ulduzlar niyə düşmür, baba?

— Çünki onlar çox uzaqdadır. Hər biri öz yerində möhkəm dayanır, Günəş kimi işıq saçır. Bizə yalnız onların işıqları çatır.

Selin babasının çiyninə söykəndi və pıçıldadı:

— Deməli, Yer bizim ən əziz evimizdir.

Baba mehribanlıqla başını tərpətdi:

— Elədir, Selincan. Biz Yerimizi qorumalıyıq. Suya, havaya, təbiətə qayğı ilə  baxmalıyıq. Ağac əkməli, heyvanları incitməməliyik. Yer bizə baxırsa, biz də ona baxmalıyıq.

Selin sevincək dedi:

— Mən böyüyəndə çoxlu ağac əkəcəyəm!

Baba gülümsəyib onu qucaqladı:

— Bax onda Yer də sənin kimi sevinəcək.

Onlar ikisi birlikdə ulduzlara baxaraq sakitcə Yer haqqında düşündülər.

 

Söhbəti qələmə aldı:

 

          Selinin babası Ağamahmud Səmədov