Qəşəm Nəcəfzadə : - Köhnə evimiz

Ədəbiyyat 09:35 / 17.04.2025 Baxış sayı: 1088

 

Biz gözəl yaşadıq köhnə evimizdə...

Oğlumun yüyrüyü üçün tavana vurduğum mismar

ən gözəl yazıdı

Artıq gərəksiz olduğunu bilir

Bizimlə getmək istəyir yazı.

Divara dərs cədvəlimi vurmuşam

Dərs dediyim günlər

Sinif uşaqları kimi

Atılıb düşürlər.

Divardam asdığım saat

Həmişə düz işləyir.

Divar qədər etibarlı kağız yoxdu

Yaddan çıxmasın deyə

Balaca oğlumun peyvəndinin

Tarixini yazmışam divara...

Bir də ağ divarlar

Balaca oğlanlarımın

Ilk əlifbası:

A B V Q D S hərifləri

Sonra it

Eşşək

At şəkli

Burun, göz, ayaq şəkli

Oğlanlarımın danlaq yeri

Qulaqlarının burulmaq vaxtı

Arvadımın - “xaraba qalsın, bu nə evdi, biz yaşayırıq”- kəlməsi

Yol işarəsi,

Həyat nişanəsi.

Köçdük köhnə evimizdən

Qaldı tavanda mismar

Divarda yazı

Şəklim çıxmış köhnə qəzetlər

Dərs çədvəlim

Bir də kiçik qızımın

arabasının bir təkəri...