Firidun Agazadə -  Dar ağacından asılmaq

Ədəbiyyat 15:00 / 06.05.2025 Baxış sayı: 1227

 

(90-cı illərin şeiri)

Dar ağacından asılmaq fikri olmayıb

Rüstəm Behrudinin.

“Əleyk” almaq üçün “salam” deyib.

Sözdü də, yalan deyib.

“Salam, dar ağacı” deyə-deyə

Gəzir bu şəhərdə sağ-salamat.

Guya boz qurd imiş,

Təqib edirlər,

İmdad! Əlaman!

Məgər ondan

Firidun İbrahimi olar,

dar ağacından asılsın?

Sinəsinə

“Demokrat,

firqəçi,

prokuror” yazılsın?

Nə qorxusu var?

O niyə asılsın dar ağacından?..

Asılan

Firidun Ağazadə kimi olar,

Qoşa Qala qapısında

hər gün asılıram ilk sevgimin

dərd ağacından.

Əzizim Rüstəm Behrudi,

Nə işin var dar ağacında?

Biz sevənlər

onsuz da hər gün asılırıq

nakam sevgilərin dərd ağacından.