Şakir Xanhüseyn : - AÇILMAQ

bəzən
önündə yol açılır,
amma özün o yola açıla bilmirsən;
bax, yolun yolda qalır...
bir kitabı açırsan, nə fayda,
görürsən oxunmadı bir varaq da,
çünki hiss edirsən
sən açılmamısan o kitaba...
eləcə süfrəni açmazdan əvvəl
ürəyin açılmalı,
saçılmalı işığın o süfrəyə,
duza, çörəyə,
gör ha...
hətta
qazanının qapağından,
qapından,
qabından qabaq
özün açılmalısan bir üfüqsayaq,
özün,
ay canım-gözüm!