Ağamir Cavad : - SÖZ YAZIB

Bu yerlərdə bitib eşqim qələmtək
Bu göylərin marağına söz yazıb.
Bu dağların vüqarına dönərək
Zirvələrin papağına söz yazıb.
El gücünə dayanıqdı kürəyim,
Sevgisiylə çiçək açır diləyim.
Pərvanətək qanadlanıb ürəyim
Bu sevginin çırağına söz yazıb.
Gülə bənzər gözəllərin göyçəyi,
Kitablarda bəsləmişik çiçəyi.
Eşq ətirli qızılgülün ləçəyi
Bir xatirə varağına söz yazıb.
Hər sevgiyə açılmadı qanadım,
Özgəni yox, mən özümü qınadım.
İnamımdan güc toplayan inadım
Bir ümidin budağına söz yazıb.
Gözlərimdən od götürüb sayalım,
Yanağından allanıbdı həyalım.
Eşq yaşayan bu kəpənək xəyalım
Bir çiçəyin dodağına söz yazıb.
Ürək eşqin dəmi üstə köklənib,
Gözlərimin nəmi üstə köklənib.
Bir həsrətin qəmi üstə köklənib,
Bir vüsalın sorağına söz yazıb.
Haqq duası dilim üstə əzbərim,
Ha xərclədim, tükənmədi dərd-sərim.
Məcrasını coşub-daşan günlərim
Bir taleyin qınağına söz yazıb.
Sabahıma ünvanlanıb salamım,
Vəhdət üçün dolub-daşır eşq camım.
Haqq yolunda yaraqlanan ilhamım
Bir qələbə bayrağına söz yazıb.