Lilpar Cəmşidqızı : - Ömür kitabə bənzər (QƏZƏL)

Ədəbiyyat 05:32 / 22.01.2025 Baxış sayı: 373

 

Ömür kitabə bənzər, vərəq-vərəq sökərsən,

Ötər, keçər buludlar, gözün dolar, tökərsən.

 

Bu xan cahanda bir gün əlin belində qalmaz,

Çalışdığın görünməz, nə eyləsən, nökərsən.

 

Əlin üzülsə yerdən, ayaqların üzülməz,

Dilin duaya möhtac, əl açmasan, çökərsən.

 

Kədərlə, qəmlə, möhnət fələk verən bəladır,

Üzülmə, qəbul etsən, gücün çatar, çəkərsən.

 

Gedəndə çıxma yoldan, sonunda düz çığır var,

Əlin oraqda qalmaz, nə biçmisən, əkərsən.

 

Zaman çəkər qılıncın, ürək sözündə durmaz,

Dəva verən həkimlər, baxıb görər, şəkərsən.

 

Yazıb, yorulma, Lilpar, qəzəldə ustasan sən,

Dağılsa söz minarən, sətir-sətir tikərsən.