Əbülfət Mədətoğlu : -  Bitməyən suallar

YAZARLAR 09:22 / 22.01.2025 Baxış sayı: 264

 

Özümdən özümə

 

Yəqin ki, hər kəsin həyatında elə bir məqam olur ki, o, özü özüylə danışmağı, özü özünə suallar verməyi seçim edir. Çünki o söhbəti, o sualları başqa bir Allah bəndəsinə ünvanlamaq  artıq sirri açmaqdır. Kimlərinsə bilmədiyini və bilmələri məsləhət olmayan fikirləri onlara çatdırmaqdır. Təbii ki, bu da özəl həyatın qəbahətidi. Ona görə də insan daha çox özü ilə danışmağa, sualların cavabını özündə tapmağa çalışır. Hətta cavabları tapmayanda belə kiminsə qarşısında sınmır, əyilmir. Onun durumunu özü və Allah bilir. Onsuz da Allahdan heç nə gizlətmək mümkün deyil və buna cəhd edən də yumşaq desək, ağılsız adamdı…

Mən həyat adlı bu səhnədə gördüyüm, eşitdiyim, iştirakçısı olduğum bütün məqamları hər gün yaddaş süzgəcimdən keçirirəm. Bu da səbəbsiz deyil. Çünki olanlar və olacaqlar arasında uzun bir yol var. O yolu gedərkən yaddaş adamın köməyinə çatır. Nəyi, harda, necə gördüyünü, nəyi, harda necə yaşadığını məhz yaddaş sənə xatırladır, onun müqayisəsi də növbəti addıma – yəni yolun davamına təkan verir və beləcə yol uzandıqca sən də tərəddüdsüz və inamlı şəkildə addımlayırsan. Bilirsən ki, düz yoldasan… bilirsən ki, ona doğru gedirsən… və hətta ümidlisən ki, o da səni gözləyir…

 

Qoşub məni karvana yol, köçə yol

Düyün düşüb bəbəyimdə neçə , yol...

Gözü bağlı yol ölçürəm, gecə, yol -

Mən hələ ki, solu tutub, gedirəm...

 

Tanıdığım ilk naxışdı ağ,qara

Ləpir salır ayaqlarım ağ qara!

Könül verən kimdi , mən tək ağlara -

Mən həmən o, yolu tutub, gedirəm!

 

Dünya düşüb. damcı kimi gözümdən

Ona görə qəlbim qırış, gözüm nəm!..

Sevənimi küsdürmüşəm özümdən -

"Ah" yükümü dolu tutub, gedirəm!..

 

Dağı aşmaq həm çətindi, həm asan

Əbülfətə əl çatmayan səmasan"

Ürəyimi elə qoydun dəmə sən -

Hələ də o, yolu tutub, gedirəm!

 

İndi bu girişdən sonra sualları sərgiləyirəm özüm üçün. İlk sual sadə və heç kimi təəccübləndirməyən sualdı. Yəni özüm-özümdən soruşuram ki, mən kiməm? Bir anlıq susuram və sizin nə fikirləşdiyinizi təxmin etsəm də özüm yaxşı bilirəm ki, mən Allahın bir bəndəsi və bu dünyada da olub-olmamağımla  heç nəyi dəyişməyən varlıqam. Bir az da özümü qiymətə mindirmək istəsəm, onda  bunları da əlavə edərəm ki, qələm əhli ... bir xeyli kitabın müəllifi və nəhayət bir ailənin sahibi.  Cavab qısa, yığcam, amma sual əslində bu cavabdan çox böyükdü. Çünki o cavabda məni yaşadan, məni var edən bir sevginin etirafı var, amma edilmədi.

Mən bircə Allaha bəlli olan gerçəyi həmin cavabda dilimə gətirmədim. Demədim ki, mən əslində bir sevgi dəlisiyəm. Bugünün ən böyük sevdalısıyam. Çünki bunu kiməsə demək olmaz. Eşidən ya sənə gülər, ya dəli sayar, ya da mübahisə yaranar. O mübahisənin də kökündə Məcnundan böyük Məcnunun  olmadığı dayanar. Mən də razılaşmaram. Mübahisə edən də razılaşmaz. Və onda bir dilxorçuluq, bir əsəb yarana bilər… Bax, bildinizmi, niyə sualları özüm-özümə  verirəm. Bilmədinizsə :

- DEYİM! – dinləyin, yəni  oxuyun cavablarımı...

Keçək ikinci suala. Bəs sən kimsən? Bu sualın da cavabı zənnimcə  hamının bildiyi şəkildə deməyə ehtiyac yoxdu. Amma deyə bilərəm ki, sən də adi bir Allah bəndəsi. Bir ailənin üzvü, bir elin-obanın sadə ağlı başında olan, dünyası özünə bəlli bir varlıqsan. Təbii ki, bu cavabı hamı bilir və heç kim də bundan təəccüblənmir. Amma mən və Allah bilirik ki, sən Yer üzündə bir sevgi ilahəsisən…bir mələksən…bir gözəllik simvolusan…bir ümid işığısan…bir ağlı başdan, ürəyi ruh, candan alan varlıqsan. Sən məni pərvanə edən, həm də şam əvəzinə yandıran odsan, alovsan. Bütünlüklə sən Leylidən böyük Leylisən…Leylidən gözəl Leylisən.

 

Mənim yuxularım yaşadıqlarım -

Anlarım gecəmə yuxu tək gəlir...

Özümlə hər yerə daşıdıqlarım -

Gecəmə yorulmuş duyğu tək gəlir...

 

Qaçır incik kimi fikrim özümdən

Daşlanan oyuq tək yaralanıram...

Səssizcə düşürəm mən öz gözümdən -

Yalnış cümlə kimi qaralanıram...

 

Dodaqdan qopammır titrəyən səsim

Alnımda buğlanır buzdan soyuq tər...

Yuxum da gəlmir ki, əlimi kəsim -

Duz basım, deyimki, geçikir səhər!..

 

... Demə ki, qayıtmaz həmən yuxular

"Qırxında öyrənən" ... boyat məsəldi...

Adam neçə dəfə - gündə yıxılar -

Sevgim mənim üçün məndən əzəldi!

 

Gördünüzmü, bu cavabı siz yəqin ki, ağlınıza gətirməmişdiniz, təxmin etməmişdiniz. Çünki o cavab mənə bəlli idi. Və onu faş etmək, hər kəsə çatdırmaq ən yanlış qərarlardan biridir. Ona görə də mən o cavabı özümlə yaşadır, özümlə hər yerə daşıyıram. Onu da bircə Allah bilir. Sizin bilməyiniz həmin o sevgi ilahəsinə qısqanclıq yarada bilər, sayqısızlıq ola bilər. Hətta kimlərsə daha deyilməsi, yazılması münasib sayılmayan fikirləri də ağlından keçirə bilər. Deməli, bu sualın mənə bəlli olan cavabını dilə gətirməməkdə mən haqlıyam və həm də ona görə haqlıyam ki, bu sevgi haqdan gəlib.

 

Öz içimdə yol ölçürəm -uzun yol ,

Nələr gördü bu illərdə üzün, yol?!.

Bu məqamda . sənə deyim düzün, yol -

Bu dünyanı lap balaca görürəm...

 

Səs atıram daşa dəyib, qayıdır

Əl uzanır başa dəyib qayıdır...

İl dolanıb ,yaşa dəyib qayıdır -

Bu dünyanı mən balaca görürəm!..

 

Söz mənzili göz mənzilin adlayır ,

Gün həftəni, ay da ili qatlayır!..

Vədəsində tumurcuqlar çatlayır -

Bu dünyanı mən balaca görürəm!..

 

Mənasını səndə tapır ömür -gün,

Gah köz olur, eh gahdakı kömür, gün!

Əbülfət, sən SEVGİ boyda görürdün -

Mən dünyanı lap balaca görürəm!

Keçək növbəti suala. Bir halda ki, mən sevgi dəlisi, sən sevgi ilahəsisənsə, onda niyə anlaşa bilmirik? Hə, bu sualın da cavabı ilk baxışdan məlumdu, görünür, bilinir. Amma mənim bildiyim və içimdə hər gün təkrar etdiyim cavabsa tamam başqadır. Qısaca desəm, çünki sən ÜMİDSƏN. Ümid isə yalnız yaşadır. Kimisə özünə qovuşdurmur. Onun üçün çarpışırsan, vuruşursan, ona can atırsan və sən yaxınlaşdıqca o da səni bir az da özü ilə çəkib uzağa aparır. O gedir, sən də onun ardınca. Beləcə yol da uzanır. Ömrün ümidə qovuşmaq savaşı da… Hə, yəqin ki, siz də bu cavabı düşünməmişdiz. İndi oxuyanda ola bilsin ki, ya dodağınız qaçdı, ya çiyninizi çəkdiz, ya da «boş şeydi» deyib əlinizi yellədiz. Bax onda mən bir daha əmin oluram ki, özümə verdiyim sualların sizə heç dəxli yoxdur və bu sualların davamını da elə nöqtələrlə tamamlamaq daha doğru olardı. Axı mən özüm-özümlə danışıram. Bəs sən necə? Danışırsanmı mənimlə? Sualların varmı mənə? Dinləyirəm. Səs at mənə.