Əlizadə Nuri : - Sevgi
Hələ sevgi deyil bir yastığa baş qoymaq,
Sevgi-qəfəsdən dartınıb,
çırpınan bir quş olmaqdı.
Sevgi işıq xətti keçməyən yerdə də
Cərəyana qoşulmaqdı...
Hərdən laldı,
Bəlkə ləldi?
Həm Tanrıdı sevgi
həm Tanrıya açılmış əldi...
Sevgi bu dünyadan da əvvəldi!
...Sevgi! Biz sənsiz
ayna kim qırılmış ayıq,
qurumuş çayıq,
İçində bayquşlar ulayan
bir xarabayıq...
...Sevgi elə çətirdi ki,
Ən gur yağışda da islanmamaqdı.
Sevgi- quru bir ağacda
Sonuncu yaşıl budaqdı.
...Sənin bir adın SEVGİ,
bir adın Günəşdi, qadın.
Sənin günəşdən fərqin
Hər gün DOĞMAĞINDADI...
...Bilirsən qadın,
mən indi bilmişəm ki,
Sən mənim hər yanı minalanmış həqiqətimsən-
Sənə toxunmaq
minalanmış sahəyə girmək qədər
qorxulu imiş...
Mən indi bilmişəm ki,
Sevgi süni nəfəs aparatına
qoşulmaq kimi
Son çıxış yolu imiş...
...Sevgi ağdı,
Sevgi dağdı,
Sevgi ömür boyu
Şüşə qırıntıları üzərində gəzib
amma ayaq üstə qalmaqdı!
...Bəlkə Tanrı özü eşqdi?
Bəlkə sevgi elə Haqdı?
Sevgi-ayrı şəhərlərdə
Eyni vaxtda darıxmaqdı...