Faiq Balabəylidən İKİ ŞEİR
: - QALIM
Saçlarını kəmənd et
at boynuma, tut qalım
bircə udum hava tək,
Çək içinə, ud qalım.
Gedirəm, hey gedirəm,
Mövlanayam, qədirəm
Bilirsən ki, bilirəm,
bilirəm, unut qalım.
Qoy sıxılım köksünə
Bələnim nəfəsinə
Qəlbinin bir küncünə
məhkum elə, at qalım.
Bil ki dərdə zahıyam
ağrısıyam, ahıyam
məğlub yurdun şahıyam
qoşunu çək, mat qalım.
Heymi qaldı qolumda
sən inzafsız, zalımda
ölüm sənin yolunda,
Yoxsa, salamat qalım?
***
Şimal qonşumuzun əməlləriylə
Göy üzü heç zaman təmiz olmadı
Bütün bəşəriyyət yox olsun, deyə
Qonşumuz çaqqal tək dişin qıcadı
Göy üzü ozündə qəzəb saxladı
Gündüz Günəşiyiylə, axşam Ayıyla
Qaramamat gətirdi, ölüm ağladı
Başımız qarışdı ulduzlarına
yağan yağısına, tökən qarına
Tüpürüm onların vicdanlarına...
Göyü gözümüzdən saldılar onlar
Sən demə yalanmış Allah deyilən
Varlığın oturması göyün üzündə
Guya yaradandır, yaratdığını
Necə yox edirlər gözü önündə.
Şimal qonşumuzdan qorxur, deyəsən,
Allah da acizdir, yoxsa. Bəlkə də
Allahın Allahı yoxdur, deyəsən.
Göyün üzündəki təyyarələrdən
Göyün üst qatına dualar uçdu
Əlimiz havadan asılı qaldı
Nağıl danışdılar rəsmilər elə
Gözlədik nağılın sonunu, amma
Yenə də göylərdən alma düşmədi
Göylərdən yaralı adamlar düşdü
Bizə ümid verdi bir mələk səsi:
Gözləyin, hər bir şey yaxşı olacaq...
gözlədik, heç bir şey yaxşı olmadı.