Sona Vəliyeva : - SAATSAZLARA YENİ İL ARZUSUYLA
(Saat əqrəbləri on ikiyə doğru tələsir. Yeni ili qarşılamağa saniyələr qalıb, qəlbimdən bu duyğular keçdi.)
Saatsaz ustalar,
dünyanın aşıb-daşan
bəlalı taleyindən
keçib,
yer üzündə bütün saatlarını
xoşbəxtliyə,
ömürlərin əməllərini
ədalətə qurun.
Hərənin öz həyat
təqviminə görə
aat düzəldin,
əqrəbləri
qəmdən keçirib,
sevincdə durdurun.
Saatsaz qardaşlar,
söyləyin əqrəblərə
bizdən aldığı
gəncliyi
apardığı əzizləri
geri gətirmək mümkünmü?
Saatların əqrəbləri
uşaq ölümlərinin
olmadığı
zamanı göstərsin.
Yer üzündə
Zaman gedişini,
axarını
insanlığın
gün-güzəranında
sülhə, əmin-amanlığa
elə kökləyin ki,
savaşlara nifrət bəslənsin.
Saatların zəngindən
ürəklərə
məhəbbət çilənsin.
Beşiklərin üstündən
qayğısızlıq saatı
asın ki,
körpələri gələcəyə
ata-analı,
yurd-yuvalı,
təhlükəsiz keçirsin.
Ömürdən keçən
əqrəblər
zamandan-zamana
sevgi nəğməsi
göndərsin.
Saatların
ən uzun əqrəbinin
ucunda mərhəmət məktubu
göndərilsin,
müharibə qızışdıranlara,
dünyanı bir şar kimi
partlatmağa hazır duranlara.
Saat əqrəblərini
qələm edin, yazın:
Dayanın, ağalar,
sizin də övladlarınızın
taleyi
dağılmağa yönəltdiyiniz
bu dünyada qərar tutar.
Saatsaz ustalar,
ömürlər qısa,
zamanın gedişi
çox sürətli,
saatların nəbzini
Tanrının istəyində,
sevgisində durdurun.
Dünyanın bütün
saatlarını xoşbəxtliyə,
mərhəmətə qurun.