İSMAYIL MƏRCANLI : - BİR İL DƏ ÖMÜRDƏN KEÇDİ BELƏCƏ

Ədəbiyyat 11:15 / 31.12.2024 Baxış sayı: 2381

 

(yeni variantda)

Gah erkən oyanıb, vədəsiz yatdıq,

Gah da başımızı yalanla qatdıq.

Nə əzəldən qopduq, nə sona çatdıq,

Bilmədik sabahdır, yoxsa ki gecə -

Ömürdən bir il də keçdi beləcə!

 

Heç demə yüyürüb-yortmaq çətinmiş,

Bəxtin yaxasından dartmaq çətinmiş.

Azala-azala artmaq çətinmiş,

Haqdan üz döndərib, baş əydik gücə -

Ömürdən bir il də keçdi beləcə!

 

Su kimi saflaşıb, durulduq hərdən,

Ölümün boynuna sarıldıq hərdən.

Bəxti qova-qova yorulduq hərdən,

Qaçsaq da qoşula bimədik köçə -

Ömürdən bir il də keçdi beləcə!

 

Quş kimi budaqdan-budağa qonduq,

Şirin yalanlara uyub, inandıq.

Arzunu-həvəsi bələdçi sandıq,

Tutdu qolumuzdan gah yol, gah küçə -

Ömürdən bir il də keçdi beləcə!

30.12.2021