Arzu Əsəd : - Azərbaycanlılar, azərbaycanlılar!
Siz ki hamıdan gözəl, hamıdan məğrursunuz,
Bədənlərə bürünən bir ilahi nursunuz,
Qəlblərə, beyinlərə işıq sovurursunuz,
Azərbaycanlılar, azərbaycanlılar!
Dünya dönər, dəyişər, siz haqq ilə birsiniz,
Tarixin qatlarında açılmamış sirsiniz.
Yer üzünə səpilən bərəkət, deyirsiniz,
Azərbaycanlılar, azərbaycanlılar!
Bu yurd, bu torpaq sizin, siz bu torpağınsınız,
Sonsuzluğa yürüyən müqəddəs axınsınız,
Siz elə yaranışdan Allaha yaxınsınız,
Azərbaycanlılar, azərbaycanlılar!
Tarix nələr görmədi, nə simalar, nə canlar,
Bəşərə güzgü oldu gəlib keçən zamanlar:
Adam kimi adamlar, insan oğlu insanlar,
Azərbaycanlılar, azərbaycanlılar!
Siz nə ali irqsiniz, nə fövqəlbəşərsiniz,
Nə mütləq xeyirsiniz, nə əbədi şərsiniz,
Ədalətdir, sevgidir insanlığa dərsiniz,
Azərbaycanlılar, azərbaycanlılar!
Yondu, cilaladı ki, tarix bu ürəkləri,
Siz daşıyasınız məhşərə gerçəkləri,
Göy üzü insanları,yer üzü mələkləri-
Azərbaycanlılar, azərbaycanlılar!
Yığılın ey zərrələr, bir işığa yığılın,
Bir ürəyə boşalın, bir yumruğa sıxılın,
Bitməsin bu dünyanın Azərbaycan nağıli,
Azərbaycanlılar, azərbaycanlılar!