Ağamir Cavad : - YENİ İL

Ədəbiyyat 22:47 / 31.12.2024 Baxış sayı: 1004

 

Salam , yeni ilim,nə xoş görüşdü!

Biz gözəl günləri eşqlə sayırıq.

Bu ötən yeni il nə tez ötüşdü?

Təzə yeni ili qarşılayırıq.

 

Bir üzün qaradı, bir üzün ağdı,

Min rəngi bir sözə köçürə bildin.

Hər il ürəyində min arzu doğdu,

Neçəsin həyata keçirə bildin?

 

Hər duyan könülə işıq da saçdın,

Gün var ilə dəyər, il var bir andır.

Necə sirr gizlədin, neçə sirr açdın?

Hər sirrin, sorağın könülaçandır

 

Eşq ilə gəl qoyaq səsə dünyanı,

Eşqlə qiymət verək bu yerə,göyə.

Yeni il, nurunla bəzə dünyanı,

Çağır insanları həmrəyliyə.

 

Qoyma hədər keçsin hər kiçik anı,

Xilas et cahanı ağ atlı ərlə.

Siyirib ədalət, haqq qılıncını,

Bəzə dünyamızı qələbələrlə.

 

Eşqinlə qanad aç düş dilə yaşa,

Çıx zaman üzünə açıq alınla.

Ən uca zirvələr fəth elə, yaşa,

Həmişə yeni qal uğurlarınla.

 

Tarixə imza at yeni adınla,

Bəzəsin ömrünü eşqin naxışı.

Qara buludları ərit odunla,

Yağsın ömrümüzə sevgi yağışı.

 

Zaman şax önündə qoy qatlasın diz,

Həyası üzünün boyası olsun.

Qandan, ədavətdən qalmasın bir iz,

Bu dünya məhəbbət dünyası olsun.

 

Xeyir şər üstündə qələbə çalsın,

Əbədi eşqlə qur hər saatını,

Ömrünün yolları sevinclə dolsun.

Tanrı da göndərsin mükafatını,