Əşrəf Veysəlli : - ATAMIN SON SÖZLƏRİ
Bu dözüm, dəyanət hardandı onda,
Duyub ki, ömrünün qarlı qışıdı.
Ölüm ayağında, son məqamda da
Buyurub: “Bəlkə də belə yaxşıdır”.
Deyib ki, “ oğlumun vaxtı nə gəzir,
Ona bildirməyin,- təhəri yoxdur.”
Ah! Necə uzundur bu yay gecəsi,
Sanki bu gecənin səhəri yoxdur.
Bir yanında anam ,bir yanənda mən,
Ortada ölümlə o əlbəyaxa.
Dedim: “ qurban olum ata, gəlmişəm.”
Bircə kəlmə dedi: “Şükür Allaha”…
Anamı tapşırdım böyük oğluma,
Atamı tapşırdım ana torpağa.
İndi bircə fikir gəlir ağlıma,
Bircə söz bilirəm:”Şükür Allaha!”
Bu da bəxt işidir, tale işidir,
Dilim başqa sözə uyuşmaz daha.
Ən çətin günümdə: “ belə yaxşıdır”.
Ən ağır günümdə: “şükür Alıaha!”