Elnur Uğur Abdiyev : - Bulvardakı ağacların acığına
Bulvardakı ağacların acığına
Söyüd əkirəm kəndimizdə.
Söyüdlər salxımlayanda gələrsiz
Kölgəsini dərməyə.
Bulvardakı ağacların acığına
Söyüd əkirəm kəndimizdə
Yolların sağ qollarına,
Sol qollarına.
Salxımlayanda gələrsiz
Havasını nuş edərsiz Bakının acığına.
Bu söyüdlər ki var,
Kölgəsində qumlar dəniz sərinliyidir.
İç nuş elə dostum,
Hələ ki sayır sayğacın.
Neçə ehtiyacın
Avans ödənişidir
Bu söyüdlər.
Qədrini bilməyirlər,
Bulvardakı ağaclara verdikləri qədər
Bunlara pul verməyiblər.
Pul versəydilər,
Kəndimizdə nə əkərdik,İlahi?!
Bu dəqiqə içimdən bir işıq keçir,
Payız rəngində.
Küləklər ehtirasdan alışır
Söyüdlərin bu lüt fəslində.
Bulvardakı ağacların acığına
Elə çıxarır söyüdlər sırğalarını.
Ovur küləyin qabırğalarını bu naz.
Bu söyüdlərin altında dəniz də dayaz.
Külək də həlim,
Bulvardakı akasiyaların acığına
Söyüdü qucaqlayır əlim.