Əlizadə Nuri : - Ağ divin əlində qara xonçadı

Ədəbiyyat 12:39 / 16.04.2025 Baxış sayı: 919

 

Bir də baxarsan ki, baxmağa bağ yox,

Bir də baxarsan ki, xəzandı dünya.

Bu ömür yolunda çaşdırar səni-

Bəlkə də ən böyük qəzandı dünya.

 

Bir gül də deyil ki- otdu, yoncadı,

Ağ divin əlində qara xonçadı.

Kiminin evində bir qazançadı,

Kiminin evində qazandı dünya.

 

Dəlalı danışar öz əvəzinə,

Qışa qonaq edər yaz əvəzinə.

Çalır bəxtimizi saz əvəzinə

Ozanlar ölüb ki, ozandı dünya?!

 

Bilmirsən vardımı, ya yoxdu ardı,

Bu boyda dünyadı, bəs niyə dardı?

...Gülüm, əllərindən tutub apardım-

Səni apardıqca uzandı dünya...