Ələsgər ƏLİOĞLU : - TAPANMADIM EVİNİZİN YERİNİ

(Laçında doğulub boya-başa çatan
əzizim İradə xanımın xatirəsinə)
Cığırlara kəmənd ata bilmədim,
Mən zənnimdən üzdüm daha əlimi.
Yaddaşıma çıraq tuta bilmədim,
Qatı duman tutdu neçə ilimi...
Yeri-yurdu talamışdı yağılar,
Az qalırdı daş da yanıb-yaxıla...
Dərd sinəmi eləsə də yağır ha,
Səbrim yenə səngitmədi selimi.
Bircə himə düz dörd əlli gəlmişdim,
Yol-izimi düzəməlli gəlmişdim...
Bu oymağa mən ki yelli gəlmişdim,
Gördüklərim bir-bir aldı yelimi...
Qənşərimə çıxmadı dost-tanışım,
Ürəyimə şırım çəkdi qəm xışı...
Heç vecimə almadım gur yağışı,
Boşalınca buludların yelini..
Hər enişin, hər yoxuşun acı mən,
Sevincimə necə qucaq açım mən!?
Tapdım burda neçə ağrı-acı mən,
Tapanmadım evinizin yerini!..
10. 04. 2025