Aida Adıgözəl : - Ruh və kölgə

Ədəbiyyat 08:00 / 29.12.2024 Baxış sayı: 572

 

Çıxıb gedəcəyəm bu ömürdən də,

ölümün ən uzaq adalarına.

Orda hava başqa, fəsil də başqa,

orda ağac həsrət budaqlarına.

 

Orda meyvə vermir arzular bağı,

orda ümidləri suvarmır yağış.

Orda gecələrin sabahı olmur,

ha saat zəngini qurmağa çalış.

 

Boylanmır arxanca sarı xəzəllər,

payız günəşinin son şüaları.

Nə də böyük çillə, ilik donduran,

lopa-lopa yağan dekabr qarı.

 

Orda havalanmaz dəli küləklər,

işıq dirəkləri ardınca qaçmaz.

Zülmət gecələrin tənhalığından

küçə fənərləri özünü asmaz.

 

Məni də unudar bir gün şeirlər,

sözlər uçub gedər bir-bir sətirdən.

Şeir özün asar, qələm sındırar,

küsüb çıxıb gedər müəllifindən...