Adilə Nəzər : - MƏNİ ELƏ SEV Kİ

Ədəbiyyat 12:40 / 16.03.2025 Baxış sayı: 405

 

Bir adamın adamlığından qalan

Allah üçün bəndəsini sevməyidi.

Sevdiyiçün lap ölümə gülməyidi...

Məni elə sev ki...

sevməyənlər utansın.

Od kimi, alov kimi sev -

ürəyim yansın.

Zamansız sev, məkansız sev,

başımı alıb qaçdığım yer

səndə olsun -

atəşim toxunanda divarlarına

gözlərin dolsun.

Məni elə sev ki...

dünyam ol,

dünyanı yığım ovcuma,

ovcumu da ürəyimə.

Apara bilim özümlə

ikimizi behiştə...

ağrıların sonu olsun

bir nəfəslik öpüşdə.

Məni elə sev ki...

ağlatdığın zamanları,

sızıldadan gümanları

unudum...sən də mənlə

hıçqırdığın zamanda.

Nə boyalı, nə doyalı -

mübtəlalı sev məni...

Məni elə sev ki...

Nə oba gülsün mənə,

nə el tənə etsin sənə.

Mələklər də diz çöküb

səcdə etsin sevgiyə.

Səndən tək istədiyim

bircə kəlmə - bu arzu

Məni elə sev ki...

. 16.03.2014.