Adil Şirin : - ƏLLƏRİNİ MƏNƏ VER

Ədəbiyyat 16:25 / 13.04.2025 Baxış sayı: 989

 

Baxışlarım üşüyür,

İçim alışıb yanır-

Bu da ayrılıq anı.

Əllərini mənə ver,

Sən dayandır zamanı.

Gecə yağan yağışlarda,

Bənövşə qoxusu var.

Saatların əqrəbində,

Ayrılıq qorxusu var.

Həsrət dolu baxışlarda

Üşüyür bahar.

Sən içimin atəşi,

Sən başımın dumanı.

Bu gün ayrılıq günü,

Bu da ayrılıq anı...

Gülümsə bir baxışla,

Sən dayandır zamanı.

Naxışların içində,

Ayrılıq butası var.

Bilirdim bu sevdanın

Nazı var, ədası var...

Həsrət dolu baxışlarda,

Üşüyür bahar...