Yazıçı: “Arzu edirəm ki, camaatın qanını içən məmurların Laçında...”

YAZARLAR 13:26 / 01.12.2023 Baxış sayı: 1992

“İnsan kimi nə yaşadıqlarım bir kitaba sığa bilməz. Yəni o duyğulardan kitablar yazıla bilər. Tək mənim yox, bütün yurd-yuvasına gedən və ora qayıdan insanlardan. Sevincin fonunda min bir duyğudur. Fon sevincdir, amma min bir duyğu var orda. Kövrəklik, məcburi köçkünlükdə itirdiyimiz insanlar, Laçın işğal olunan vaxt itirdiyimiz insanlar, şəhidlər, əzab çəkən, əzabla yaşayan, əzabla qocalan insanlar yada düşür. Yəni bunlar ilk baxışda görünənlərdir. Adi bir xırda detal, daşın üstündə bir naxış, bir ağac. Bütün bunlar sənin beynində sonsuz bir dünyalar oyadır və sonsuz bir duyğular yaşadır insana. Ancaq təbii ki, sevincin fonunda və bir az da qürurun fonunda yaşayırsan bu hissləri. Ona görə də məncə, bu Azərbaycan insanının yüz illərdir yaşamadığı bir duyğudur”

Yenises.az bildirir ki, bunu Adalet.az-a açıqlamasında yazıçı Şərif Ağayar deyib. Ş.Ağayar doğulduğu Laçın şəhərinin işğaldan azad edilməsinin üç ilinin tamam olması münasibətilə fikirlərini bizimlə bölüşüb:

“Bu dediklərim məsələnin psixoloji tərəfləridir. Sosial tərəflərə qalanda Laçınsız Qarabağ Azərbaycanın ola bilməz, çünki qapı Laçındır. Qarabağsız isə Azərbaycan ola bilməz. Yəni dolayısı ilə Laçının mövcudluğu və bütün ərazisinin bizim nəzarətimizdə olması Azərbaycanın müqəddarat məsələsidir. Təsadüfi deyil ki, 1918-20-ci illərdə Xosrov bəy də gücü ora verirdi ki, Ermənistan tərəfdən nizami erməni qoşunları və onlara kömək, havadarlıq edən güclər ora soxulmasın. Məsələn, Laçının Zabux dərəsində Andranikin məşhur nizami ordusu xalqın içindən seçilən qoçaq igidlər tərəfindən darmadağın edilməsəydi, Xosrov bəy Ağdam və Şuşada hərbi parad keçirə bilməzdi. İndi yəqin ki, separatçı erməniləri Azərbaycan ərazisindən çıxarmaq da bu cür mümkün olmazdı. Bu mənada Laçın çox ciddi bir yerdir. Həmin vaxt xüsusilə Laçında post məntəqənin bağlanması Şuşaya bayraq sancmaq qədər taleyüklü bir məsələ idi. Mən o vaxt da bunu dedim. 

İndi hökumətimizin Laçına bu qədər səxavətlə vəsait ayırması, əhalinin ora köçürülməsiylə məşğul olması da məhz mən dediyim zərurətdən doğur. Onlar Laçını doğru-düzgün qiymətləndiriblər. Ona görə də qələbəmizin əbədiliyinə içimdə bir inam yaranır. Mənim özümə qalanda Laçına gedirəm, o qüvvə məni həmişə çəkir. Çox sevinirəm ki, Azərbaycan ictimaiyyətinin, mətbuatın, dövlət orqanlarının Laçınla bağlı ən çox danışdırdıqları insanlardan biri də mənəm və buna görə onlar çox sağ olsun. Görünür bunu ya yazılarımla, ya da necəsə qazanmışam. 

Laçın və Kəlbəcər əhalisində vətən sevgisi çox güclüdür. Bu da görünür bu coğrafiyanın özəlliyi ilə bağlıdır. Dağlar, meşələr, bir-birinə bənzəməyən coğrafiyalar insanı daha çox özünə cəlb edir. Şairlərin yaradıcılığında da bu mövzuların qabarıq olduğuna rast gəlirsən. Yəni bu mənada Laçın bizim üçün çox dəyərlidir. Həm şəxsi psixoloji, həm sosial ictimai siyasi, həm yaradıcı, həm də iqtisadi zəmində çox dəyərli bir coğrafiyamızdır, çox böyük potensialı var. Laçının yolsuzluğuna görə onun nə təbiətini, nə tarixini, nə də insanlarını lazımı qədər tədqiq etməyiblər. Sovet dövründə də bu olmadı və müstəqillik dövründə isə bir il bizdə qaldı və işğal olundu. Ümid edirəm ki, bundan sonra biz Laçını öyrənəcəyik və onu dəyərini biləcəyik.

 Qələbədən sonra həmişə bu sözü işlədirəm ki, biz işğaldan azad edilmiş torpaqlarımızda heç olmasa sosial ədaləti təmin edək, camaata yaxşı dolanışıq verək. Camaatın qanın somuran, içən məmurların orda funksionallaşmasına imkan verməyək. Bu, insanların torpağa bağlanması üçün çox ciddi məsələdir. Ədalətsiz idarəçilik  ən böyük vətən aşiqini də yaşadığı yerdən küsdürə bilir. Yəni insanlar buna görə qaçıb gedirlər. Mən çox arzu edirəm ki, Azərbaycan hakimiyyəti bu mənada ikiqat, üçqat həssas olsun. Bu çox ciddi məsələdir. Bütün xalqımızı təbrik edirəm. Laçın Azərbaycan deməkdir”. 

Qeyd edək ki, bu gün Laçının işğaldan azad edilməsindən üç il ötür.