Xanım İsmayılqızı : -  Qəzəl  (Adamam)

Ədəbiyyat 08:47 / 09.12.2024 Baxış sayı: 1076

 

Mən keçmişə, gələcəyə salam verən adamam,

Bu dünyadan o dünyaya gedib-gələn adamam.

 

Həyatımın illərini, hisslərimin əllərini,

Ürəyimin tellərini açıb-hörən adamam.

 

Taleyimdəki ahları, gözlənməyən sabahları,

Qəfil gələn günahları səssiz dərən adamam.

 

Atılmayan güllələri, toxunmayan şillələri,

Göydə uçan ləkələri yerə sərən adamam.

 

Qurulanı yıxmasam da, cızığımdan çıxmasam da,

Gözlərinə baxmasam da, səni görən adamam.

 

Mən adamam - boş deyiləm, ruhum da var - daş deyiləm,

Nə olsun ki, quş deyiləm - qanad gərən adamam.