Vasif Süleyman : - NƏYİMƏ LAZIMSAN MƏNİM AY ŞEİR....
O qız özgəsinin fikrini çəkir,
Nəyimə lazımsan, mənim ay şeir
Səməd QARAÇÖP
Ömürdə sonuncu ana bənzəyir,
Sadağa verdiyim cana bənzəyir.
Narın göz yaşınnan sıxıram onu,
Di gəl, ağ vərəqdə qana bənzəyir -
“Nəyimə lazımsan, mənim ay şeir”…
Daşıdın varımı-yoxumu, neynim,
Apardın ruhumun çoxunu, neynim.
Bir qızın eşqinə yazırdım səni,
O da yazdığımı oxumur, neynim -
“Nəyimə lazımsan, mənim ay şeir”…
Dərdi gəlişindən tanıyıram mən,
Bəxtə düşən bəxti qınayıram mən.
Son dəfə, son dəfə şairliyimi,
Sonuncu şeirdə sınayıram mən -
“Nəyimə lazımsan, mənim ay şeir”…