Vaqif Yusifli : - 65 yaşın poetik ağrıları

YAZARLAR 10:44 / 02.06.2024 Baxış sayı: 5180

Şair-publisist  Əbülfət Mədətoğlu keçən il 65 yaşına gəlib çatdı, indi 70-ə doğru yol gedir. Mən onu çox gözəl tanıyıram, şeir kitablarını və mətbuatda dərc olunan şeirlərini müntəzəm izləyirəm. Sayını bilmirəm, bir neçə dəfə onun şeirləri haqqında yazılar da yazmışam. Mən onun özündən daha çox şeirlərilə dostluq edirəm. Əslində, ŞEİR elə ŞAİRİN özü deməkdir.

Ilahi, verdiyin bu ömür payı –

Mənim həm axşamım, həm səhərimdi...

İlahi, çəkdiyim ağrının sayı –

Mənim həm sevincim, həm qəhərimdi...

 

İlahi, ovcumda tutduğum daş da,

Gerçək olanlara çatılan qaş da...

Lap kirpik ucunda donan o yaş da

Mənim həm şərbətim, həm zəhərimdi...

 

İlahi, günahdan biçilən köynək,

Hər ahla böyüyən, kiçilən köynək...

Qəlbimlə, ruhumla içilən göynək –

Evimdi, kəndimdi, həm şəhərimdi...

 

İlahi, xəyalın gerçək üzü də

Göstərir özündə əyri, düzü də!..

Bəndə say bu yaşda barı bizi də -

Deyim bu da mənim bar-bəhərimdi!

Bu şeir elə bilirəm Əbülfət Mədətoğlunun həyat və sənət məramənı ifadə edir. Həyat və sənət onun üçün həm sevincdi, həm qəhər, həm şərbətdi, həm zəhər, evdi, kənddi, şəhərdi... Əbülfət Mədətoğlu şeirlə yaşayan, şeirlə nəfəs alan və şeirlə də dərdini ovudan bir şairdir.  Nəbi Xəzri deyirdi ki,  “Şeir mənim üçün bir kainatdır!” Əbülfət nə deyir? O da eyni fikri söyləyər,  amma onun kainatı – şeir dünyası tamam fərqli bir dünyadır. Onun kainatı Qarabağdır! Əbülfət bütün varlığı ilə doğulduğu torpağa, Tuğ kəndinə bağlıdır. O, yüzlərlə, minlərlə qarabağlı kimi həyatında Vətəndə Vətən həsrəti çəkib. Və indi 44 günlük zəfər savaşından sonra o çəkdiyi ağrıları unutmağa başlayıb.

Yeni kitabının ən sonuncu şeiri Əbülfərin böyük sevincini ifadə edir: “Xankəndidə sancılan bayrağıma səcdələrlə”.

Bu payız ömrümün baharı oldu,

Gözü aydın olsun torpağın, daşın!..

QƏLƏBƏ əbədi vüqarı oldu –

Sildi Qarabağım, gözünün yaşın!..

 

Səksəndi bu yurdun kövrək ürəyi,

Açdıq müjdə ilə nurlu sabahı!

Çıxardıb əynindən işğal köynəyin –

Xanın kəndi oldu İLHAM şəhəri!

 

Axır ki, duruldu yurdun səması –

Dualar selləndi şəhid adına!

Əsgər oğulların Vətən anası –

Təbəssüm sarıdı yaralarına!

 

Qürura bələndi Vətən büsbütün,

Ürəyim fərəhdən dalğa yarırdı...

Bayraq da yerinə qayıtdığıyçün –

Sonsuz fəxarətlə dalğalanırdı.

Əbülfət Mədətoğlunun kainatı hə də onun sevgi dünyasıdır. Onun digər şeir kitablarını da oxumuşam və sevgi şeirlərini sayca üstünlük təşkil etdiyini görürəm. İnsan hər yaşda sevə bilər və hər yaşda bu cevgi onun qəlbində çiçəkləyər. İstər vüsaldan yaz, istər hicrandan əzablardan şikayər et, əgər bu sevgi sənin damarlarında qan yerinə axarsa, deməli, yaşamaq sənin üçün elə sevgi ilə yaşamaq deməkdir...

Əbülfətin şeirlərində sevginin Ağrı tərəfi ön plana çəkilir.

Dilimdə bayatı var!

Üzü Ağrıya dedim...

Sevgi Ağrısı ilə yaşamaq sızıldamaq, inildəmək deyil. Füzuli nə deyirdi neçə əsr əvvəl:

Eşqdir ol  nəşeyi-kamil kim,

ondandır müdam,

Meydə təşviri-hərarət, neydə

təsiri-səda.

Yəni eşq o qədər təsirli, o qədər qüvvətli bir duyğudur ki, meydəki hərarət, neydəki təsiredici, yanğılı səs eşqdən yaranır. Əbülfət məhz bu eşqi tərənnüm edir.

Bir sevginin söz şəkili önündə,

Dolu ürək, göz şəkili önündə...

Allah, mələk, öz şəkili önündə –

Səcdə elə məhəbbətə, söyləyir!

 

Hər kəlmədə vurğu düşür bir ada,

Sevgi dərya, o, dəryada bir ada.

Sevgisində yer qalmadı irada –

Səcdə elə məhəbbətə, söyləyir...

Əbülfər Mədətoğlunun lirik qəhrəmanı (lirik “MƏN”) xaraktercə əzabkeş adamdır, amma bu əzabkeşlikdə sevgiyə inam duyğuları yaşayır.

Bir qələmdi, bir dəftərdi bir də söz,

Dil-dodaqdı, bir ürəkdi, bir də söz.

Bir baxışdı, nə gərəkdi burda söz,

Həm pərvanən, hə dəlinəm mən sənin.

Sevgi şeirlərində trafapet ifadələr, şablon sözlər işlətməkdən çəkinir Əbülfət. Onun metaforalara meyl etməsini xüsusi qeyd etmək istəyirəm. Məsələn: “Daığa kimi atılmışam Xəzərdən”, “Mən  vaxt öldürürəm, zaman səpirəm”, “Ahlarım da şeir kimi oxunur”, “Atını dördnala çapandı fələk”, “Allah,yaman lalıxlayıb bu kədər”, “Gözlərimdə qara bulud incəldi”, “Dərdin saçıarını dibdən yolmuşam”, “Başlayır bu şəhərin sənsizliyi” və s. onlarla belə misralarda Əbülfətin metaforaları şeiri necə də gözəlləşdirir.

Əbülfət əzəldən qoşmaya, gəraylıya, heca şeirlərini müxtəlif ölçülərinə meyl edib, (sərbəst şeirləri də az deyil). O, qoşmanı qoşma, gəraylını da gəraylı kimi yazır, yəni Azərbaycan şeirinin forma çərçivəsindən kənara çıxmır. İstər qoşma olsun, istərsə də gəraylı, şeirdə bir məna, mətləb olmalıdır. Və həm də məzmunla formanın vəhdəti hiss edilməlidir. Onun bir qoşmasını misal gətirmək istəyirəm:

Elə kövrəlmişəm, elə dolmuşam –

Belə kövrəlməyi bulud da bilməz...

Dərdin saçlarını dibdən yolmuşam –

Daha ağrısını unuda bilməz!

 

Yaramın qaysağı qopduğu andan

İncidim həyatdan, küsdüm bu candan...

Nə qədər analiz versəm də qandan –

Dərmanlar yaramı quruda bilməz!

 

Mənimlə bir canda dolanıb gəzən,

Könlümü incidən, ruhumu əzən...

İndi ha sığallan, indi ha bəzən –

Heç nə əhvalımı durulda bilməz!

 

İçimdə çəkdiyim içimdən böyük,

İkimiz birlikdə yerik, həm göyük!

Ürəyim, ətrafa baxıb az döyük –

Sevdiyin sevirsə, unuda bilməz!

XXI əsrin qoşmasıdır bu... heç klassik qoşmalara bənzəmir (məzmunca da, forma baxımından da).

Elə düşünməyin ki, Əbülfət Mədətoğlu bu yeni şeirlər kitabında  (“Yoruldum ahları körpü etməkdən”) ancaq sevgidən yazır. Əsl şair heç vaxt bir mövzuda qapanıb qala bilməz. Onun həyat, ölüm, dünya, yaşadığımız reallıqlarla bağlı şeirləri də az deyil.

Mən bu yazını Əbülfət Mədətoğlunun 65... şeiri ilə bitirirəm. Və ona 70-ə doğru gedən şərəfli ömründə uğurlar arzulayıram.

Döyür ağır-ağır, döyür aramla

Həm addım səsiylə, həm nəfəsiylə...

Əlimi sıxmağa qərar veribdi –

Daha açıq-aşkar bəy həvəsiylə -

65...

Yolun düzdən salıb, dağdan enibdi

Duman da bürünüb, arada çən də...

Yerimi görəsən hardan bilibdi –

Durub görüşümə gəlibdi kəndə -

65...

 

YAZARLAR