Təranə Məmməd : - Nifrətdən sevgiyə
İlin son hekayəsi
Şeyla son illər dilimizdə və bir çox dillərdə tez-tez işlənən və mənası “işgüzar qadın” olan “Business woman” ifadəsinə tam uyğun gəlirdi. Şəhərin mərkəzində yerləşən Biznes Mərkəzinin ofislərinin birinə başçılıq edən bu qadın sanki Avropa reklam jurnallarının hansınınsa səhifəsindən enib Bakıda peyda olmuşdu. Bəlkə də Şeyla həmin jurnallardan nə zamansa iş təklifi almış, lakin həmin təklifi rədd etmişdi. Bəlkə də reklamçılar bu gözəl qadından hələ xəbərsizdirlər.
40-45 yaşlı bu cazibədar qadın təhsilini əvvəl Bakıda, sonra ABŞ da almışdı. Vətənə qayıtdıqdan dərhal sonra iri bir şirkətə menecer, bir müddətdən sonra isə həmin şirkətə başçı təyin edilmişdi. Xanımın əsl adı Şəlalə olsa da ABŞ dan qayıtdiqdan sonra hamıya özünü amerikasayağı Şeyla kimi təqdim edirdi. Səbəbini soruşanda deyirdi ki, bu ad düşərlidir.
Biznes mərkəzinin yeraltı qarajına balıq dəryaya baş vuran kimi astaca girən “Peugeot” markalı maşından düşüb liftə yaxınlaşan Şeyla həmişəki kimi çox cazibədar idi. Əynindəki dar qara donun arxasında boynundan ətəyinin sonuna qədər uzanan və hərdən ilan kimi parıldayan gümüşü zolaq qadının incə bədənini daha da cəlbedici göstərirdi. Gümüş rəngində hündürdaban ayaqqabı donun gözəlliyini tamamlayırdı. Başında pərakəndə şəkildə yığılmış ipək kimi palıdı saçlarınin bir hissəsi sanki qəsdən saç sancağının arasından çıxarılıb üzünün bir tərəfinə tökülmüş və qadının bir qaşını və iri sürməli gözünü qısmən bağlamışdı. Bu saç düzümü Şeylanın hələ uşaqlıqdan xasiyyətində olan şıltaqlığın göstəricisi idi sanki. Onu hamı ciddi, işgüzar, savadlı və bir qədər sərt qadın kimi tanıyırdı. Şeyla çox danışmağı sevməyən, dərhal qərar verməyi bacaran və işində son dərəcə dəqiq bir insandır.
Son dəbdə təmir olunmuş və ultra müasir dizayn əsasında bəzənmiş iş otağının qarşısındakı salonda əyləşən katibə müdirini səbirsizliklə gözləyirdi ki, ona şad xəbər versin.
Dəhlizdən Şeylanın ayaq səslərini eşitdikdə qız əlləri ilə saçlarına sığal çəkdi, dar qısa ətəyini bacardıqca aşağı çəkib fərəqət əmri almış əsgər kimi durub gözlədi.
-Sabahın xeyir, Qülya !- deyə Şeyla qızın gərginliyini bir qədər azaltdı
-Sabahınız xeyir, Şeyla xanım
- Mənə xəbərin var?
- Bəli. Bayaqdan sizi bir adam gözləyir. Eyçardan xəbər verdilər ki, çoxdan axtardığımız Çin dili tərcüməçisini siz də bəyənsəniz əmrini vermək olar.
- Nə yaxşı! Nəhayət Çin partnyorlamızla öz dilllərində danışa bilərik. 10 dəqiədən sonra çağır onu yanıma.
- Oldu. Şeyla xanım.
Düz 10 dəqiqədən sonra Şeylanın kabinetinin qapısı astaca döyüldü.
- Gəlin!- deyə Şeyla qapını döyəni içəri dəvət etdi.
Cəsarətli və sərbəst addımlarla içəri girən yeni işçi Şeylanın təsəvvür etdiyindən fərqli idi. Uca boy, son dəbdə geyinmiş bu adam təxminən elə Şeyla yaşda olardı.
- Mən tərcüməçiyəm,- deyə o, salam vermədən özünü təqdim etdi
- Hə. Bilirəm. Sənədlərinizi hələ görməmişəm. Ona görə gəlin tanış olaq. Buyurun, əyləşin.
- Çox sağ olun. Bağışlayın salam vermədim.
- Eybi yox . Önəmli deyil. Adınız nədir? Yəni sizə necə müraciət edə bilərəm?
- Məcid. Adım Məciddir.
Şeyla bir qədər duruxdu və qarşısında oturan adama diqqətlə baxıb
“Məcid. Demək adınız Məciddir” - dedi. Hiss olundu ki, bu kəlmələri tələffüz etməklə Şeyla ya bu adamı haradan tanıdığını yada salır ya da onun kim olduğunu dəqiq bildiyindən həyatın təsadüflərinə təəccüblənirdi.
- Bəli. Müasir adlardan bir qədər fərqlidir adım.
- Özünüz müasir olun, yetər. Çin dilini sərbəst bilirsiz? Şirkətimizin işi bir başa Çin firmaları ilə bağlıdır. Əslində bizə dili yaxşı bilməklə yanaşı şirkətin işlərini də gələcəkdə bu sahədə apara biləcək bir işçi lazımdır.
- Mən universiteti bitirdikdən sonra bir neçə il Çində təcrübədə olmuşam. Güman edirəm ki, bacaracam.
- Lap yaxşı. Əminəm ki, bütün bunları şirkətin eyçarı dəqiq yoxlayıb. Yaxşı. Gedə bilərsiniz. Qərarımız, çox güman ki, müsbər qərar olar, tezliklə sizə çatdırılacaq.
- Oldu. Təşəkkür edirəm, - deyib otaqdan çıxan Məcid ürəyində “Gözəl qadındır, amma özündən çox razıdır deyəsən. Həm də... elə bil tanış gəldi mənə bu Şeyla xanım,”- deyə düşündü, lakin indi onu işə qəbul edilməsi daha çox maraqlandırırdı deyə, bütün bunlara o qədər də əhəmiyyət verməyib getdi.
Şeyla baxışı ilə otaqdan çıxan adamı yola salıb ayağa qalxdı. Pəncərəyə yaxınlaşıb şəhərə göz gəzdirdi. Göydələnin pəncərəsindən şəhər həyatı xaotik hərəkət edən karuselə bənzəyirdi. Bu xaosda nəsə axtarırmış kimi Şeyla diqqətlə baxır və çox güman ki, heç nə görmürdü, çünki xəyalən çox uzaqlarda idi...
O, masaya yaxınlaşıb selektorun düyməsini basdı və cavab gözləmədən:
- Mənə bu təzə gələn tərcüməçinin CVsini gətirin!- dedi
O günü Şeyla kabinetdə keçirdi. Məcidin CV sinin hər cümləsini dəfələrlə oxudu. Bu adamın illər sonra onun ofisinə gəlib çıxması fantastik bir təsadüf idi...
*****
Yeni işçi Çin dilindən başqa daha iki Avropa dili bilirdi. Onun insanlarla ünsiyyəti, həmkarlarla münasibəti Şeylanı nəinki qane edirdi, hətta qadının ona həddən artıq diqqət yerirdiyi gözdən yayınmırdı.
Artıq 3 ay idi ki, Məcid Şeylanın şirkətində çalışırdı. İlk baxışdan hər şey yaxşı görünsə də Şeylanın ürəyində Məcidə qarşı bir intiqam hissi günü gündən çoxalır və qadın bu adama hələ lap uşaqkən ona yaşatdığı acını yaşatmaq haqda düşünürdü. Şeyla Məcidin bir zaman onların qonşusu olduğunu artıq dəqiq bilirdi, lakin bu haqda ona heç nə demirdi.
Məcid isə Şeylanın uşaqlıqdan tanıdığı, və özü də bilmədən bir zaman incitdiyi qız olduğunu heç ağlına da gətirmirdi.
O gün şirkətdə görüşüb iş birliyi haqda ümumi nəticəyə gəldikdən sonra iki nəfər çinli, tərcüməçi Məcidin və Şeylanın iştirakı ilə Bakı restoranlarının birində şam yeməyi nəzərdə tutulurdu.
İş saatı bitsə də Gülya hələ evə getməyə tələsmirdi, çünki qoyulmuş qaydalara əsasən o, evə Şeyla kabinetini tərk etdikdən sonra gedə bilərdi.
Şeylanın fantaziyası çox zəngin olduğundan heç vaxt geyim seçimində çətinlik çəkmirdi. Bu gün də qara qısa kokteyl donunun üstündən moruq rəngli pencək və ona uyğun ayaqqabı geyinib saçlarını daradı və bu cüzi dəyişiklik kifayət etdi ki, onun libası restoran şəraitinə uyğun olsun.
Məcid də geyimində xüsusi bir dəyişiklik etmədən qalstuk taxmaqla kifayətləndi. Çinli qonaqları restorana şirkətin sürücüsü gətirəcəkdi.
Şeyla otaqdan çıxdmağa hazırlaşarkən kiçik əl çantasına seyfdən çıxardığı min dolları yerləşdirib çantanı masanın üstünə qoydu. Sonra çantaya baxıb gülümsündü və otaqdan çıxdı...
Məcidin hələ öz otağında olduğunu bilirdi. Liftlə qaraja endi. Maşınının qapısını açıb sükan arxasına oturdu və Gülyaya zəng edib
- O qədər həyacanlı və tələsik düşdüm ki, çantamı masanın üstündə unutdum,- dedi
- İndi gətirərəm, Şeyla xanım.
- Yox. Sən əziyyət çəkmə. Ver çantanı Məcidə gətirsin qaraja. Gözləyirəm.
- Oldu, Şeyla xanım, indi göndərirəm.
Bir necə dəqiqədən sonra Məcid əlində qadın çantası qaraja endi. Şeylanın maşınına yaxınlaşıb çantanı ona uzatdı.
- Buyurun, Şeyla xanım. Gülya dedi ki, bu çantanı unutmusunuz.
- Çox sağ olun. Unutmuşdum, bəli.
- Olur. Yəqin çinlilərlə görüş sizi həyacanlandırıb. Şeyla
“Ola bilər”- deyib Məcidə diqqətlə baxdı və sağollaşıb maşını işə saldı.
Şam yeməyi çox maraqlı oldu. Çin mətbəxi dünyada məşhur olsa da, qonaqlar bizim mətbəxi çox bəyəndilər. Hətta Məcidin sayəsində xörəklərimizin adlarını da əzbərlədilər.Şeylanın bir qədər gərgin və qayğılı olduğu hiss edilirdi. Məcid qadına diqqətlə baxdıqda onun əllərinin əsdiyini görüb səkitcə pıçıldadı:
- Nədən narahatsınız?
- Heç.
- Görürəm axı. Bəlkə nəsə köməyim dəyər sizə?
- Sizinlə təkbətək danışmalıyam
- Mənimlə?
- Bəli.Sizinlə.
Qonaqları yola salıb qayıdan Məcid:
- Burda danışaq. Yoxsa?- deyə soruşdu.
- Oturun, Məcid. Mən bu məsələni başqa yolla da həll edə bilərdim, amma əvvəl sizin özünüzlə danışmaq istədim.
- Nə məsələ?
- Bu gün, daha doğrusu, bir neçə saat bundan əvvəl bu çantanı otağımda unutmuşdum
- Bəli. Onu mən sizə gətirdim
- Bəli. Mən öz işçilərimə özüm qədər inanıram. Sizdən başqa bu çantaya yalnız katibəm toxunub.
- Və?
- Vəsi odur ki, çantamdan 1000 dollar yoxa çıxıb
Məcidin rəngi dəyişdi. Onun sanki dili tutuldu. Sonra özündə güc tapıb sual verdi:
- Siz güman edirsiz ki, o pulu mən götürmüşəm?
- Əminəm!- deyə Şeyla qətiyyətlə cavab verdi.
Məcid donub qalmış, nə deyəcəyni, nə edəcəyini bilmirdi. Heç bir günahı olmadığı halda qadının qarşısında cinayət işləmiş müqəssir kimi oturmuşdu.
- Xanım, siz məni təhqir edirsiniz!
- Niyə?
- Çünki mən kiminsə pulunu götürə bilmərəm
- Səbəb?
- Mən oğru deyiləm. Mən...mən heç vaxt... axı mən uşaq deyiləm!
- Bəs uşaq olsaydın götürərdin?
Araya qəribə bir sükut çökdü. Məcid başını qaldırıb qarşısındakı qadına diqqətlə baxdı. Sonra əlləri ilə üzünün tərini sildi. Gözlərini bir anlıq bağlayıb təzədən açdı. Qəfil yerindən sıçrayıb harasa getmək istədi, lakin fikrini dəyişib yenidən əyləşdi və əlləri ilə başını tutub”Deyirəm axı! Mən bu qadını kiməsə oxşadıram! Şəlalə!”
Şeylanın gözləri dolmuşdu. O, uşaqlıq xatirələrini heç unutmamışdı. Qayğısız, işıqlı, parlaq uşaqlığının içində qara ləkə kimi qalan bir xatirə var idi və bu xatirə məhz Məcid və onun ailəsi ilə bağlı idi.
Məcidgilin mənzili iki mərtəbə yuxarıda yerləşirdi.Məcid heç vaxt uşaqlarla həyətdə oynamazdı. Bütün gün ya dərs oxuyar ya da skripka çalardı.Onun atasının harada işlədiyini heç kim bilməsə də, ailənin maddi vəziyyətlinin yaxşı olduğunu hamı bilirdi. Şəlalənin ailəsində də maddi çətinlik yox idi. Uşaqlar o vaxt 10 yaşında idilər.
Şəlalə qızlarla həyətdə oynayırdı. Məcidin atası da qarajının qarşısında maşınını təmizləyir, tozunu silirdi. Hava küləkli olsa da isti idi. Məcidin atası pencəyini çıxarıb Şəlaləyə əl etdi. Qız qaça-qaça kişiyə yaxınlaşdı.
- Qızım, bizim evi tanıyırsan?
- Bəli. Siz Məcidin atasısınız.
- Ay bərəkallah. Apar qızım,bu pencəyi ver bizim evə. Qapını kim açsa ver. Apararsan?
- Apararam, əlbəttə.
Şəlalə pilləkənləri qalxıb qapının zəngini basdı. Məcid qapını açıb qızın qarşısında müqəvva kimi dayanmışdı.
- Atan verdi bu pencəyi. Götür, – deyə Şəlalə dilləndi
Məcid pencəyi götürüb qapını qızın üzünə bağladı.
O gecə Məcidin atasının Şəlalənin atasına nə dediyini heç kim bilməsə də, onların söhbətindən sonra kişinin əhvalı dəyişdi. O, eyvana çıxıb siqaret çəkdi sonra qızını yanına çağırdı və
- Qızım, sənə bir sual verəcəm. Ancaq mənə düzünü de. Sənin bu cavabından çox şey asılıdır, -deyə qızının saçlarını sığalladı.
Gecənin bu vaxtı qonşunun onların qapısını döyməsi, atasının onunla söhbəti balaca Şəlaləni qorxutdu.
- Qızım, sən bu gün qonşunun pencəyini aparmısan, düzdür?
- Bəli, ata. Özü verdi ki, aparım onlara.
- Sən o pencəyin cibinə əlini salmısan?
- Yoox. Niyə salmalıydım əlimi pencəyin cibinə?
- Qızım, sən oradan pul götürməmisənki?
- Nə? Pul? Sən nə danışırsan ata?! Mən kiminsə cibindən pul götürərəm?!
- Yox qızım, əlbəttə götürməzsən. Mən bunu bilirəm, ancaq pencəyin cibindən pul yoxa çıxa bilməzdi axı. Demək pulu qonşunun oğlu götürüb.
- Məcid? Niyə götürüb?
- Onu mən bilmirəm, qızım. Sən narahat olma. Mən həll edəcəm bu məsələni. Sənə belə axmaq sual verdiyimə görə məni bağışla.
Şəlalə pulu götürməmişdi ona görə də tam rahat idi, ancaq Məcidin pulu atasının cibindən götürüb günahı onun üstünə atması qıza çox pis təsir etmişdi.
Şəlalənin anası gedib məcidin anası ilə danışmaq istədikdə atası qəti qadağan etmiş və ertəsi gün işə gedəndə tapşırmışdı ki, evdəkilər bu söhbəti olmamış kimi həmişəlik unutsunlar.
Ailədə bu söhbətin üstünə heç kim gəlməsə də, Şəlalə bu əhvalatı unutmadı və qəlbində Məcidə qarşı həmişə nifrət və intiqam hissi daşıdı.
O axşam Məcid də ürəyində Şəlaləyə nifrət edirdi. Çünki əmin idi ki, atasının cibindən pulu məhz Şəlalə götürüb. Atasının o gün Məcidə dediyi sözlər isə uşağın yadından çıxmadi. “Oğlum, yadında saxla, bilsəm ki, sən kiminsə bir qəpiyini öğurlamısan, əllərini özüm kəsərəm! - demişdi atası.
Bir gün xəbər çıxdı ki, Məcidin atasını xaricdə işləməyə göndərirlər. Onlar Şəlaləgilin həyətindən köcüb getdilər...
*****
Məcid yaxınlaşıb Şeylanı qucaqladı. Şeyla da sanki illərdir bunu gözləyirmiş kimi başını Məcidim çiyninə qoyub hönkürdü.
- Şəlalə, mən də o gün çox pis olmuşdum. Amma bilməzdim ki, bu hadisə səni bu qədər incidib. İnan, bilsəydim mütləq sənə yazardım, zəng edib deyərdim. Bizim ailədə bu problem o qədər tez həll edildi ki... Həm də, sənin atan atama bir dəfə dedi ki, mənim qızım götürməyib o pulu. Biz də bildik ki, sən götürməmisən. Sən axı niyə buna bu qədər əhəmiyyət verib illərdir bunu unutmamısan?!
- Səndən qisas almaq istəyirdim həmişə. Səni dərhal tanıdım və bu fürsəti əldən verməməyi qərara aıdım.
- Sən dəlisən, Şəlalə?! Dayan görüm, sən niyə bu qədər gözəlləşmisən?- deyə Məcid Şəlaləyə diqqətlə baxdı.
- Elə sən də pis deyilsən, – deyib Şeyla gülümsədi.
- Yaxşı bəs niyə soruşmursan o pulun axırı nə oldu?
- Doğrudan, bəs pulu kim götürmüşdü?
- Desəm inanarsan?
- Bəlkə inanaram
- Atam maşını qarajdan çıxardanda salıbmış o pulu cibindən. İki gün sonra özü tapdı və məndən üzr istədi. Sənin atandan da üzr istəmişdi axı. Atan demədi bəs sənə?
- Yox, atam bu söhbətə heç vaxt qayıtmadı. Son gününə qədər.
- Bağışla. Allah rəhmət eləsin.
- Sağ ol. Anamla yaşayıram. Yaşlaşıb o da yaman. Atamdan sonra heç özünə gəlmədi. Siz elə birdəfəlik getdiniz qonşuluqdan. Sizinkilər necədirlər?
- Mən tək yaşayıram. Valideynlərimi çox tez itirdim. Əvvəl anam xəstələndi. Həkimlər heç nə edə bilmədilər. Atam da qəfil ürək çatışmazlığından getdi. Heç oğul toyu da görmədilər. Nəvə, nəticə də. Sən niyə ailə qurmamısan?
- Nə bilim. Əvvəl naz etdim. Hərədə bir nöqsan tapıb qəbul etmədim. İndi də daha heç kim istəmir məni.
- Səni? Heç kim istəmir? Heç inanmaram.
- Sənə həqiqəti dedim. Baxan çoxdur, amma ailə qurmaq istəyən yoxdur.
- İndi ümumiyyətlə ailə qurmaq istəyən çox azdır. Elə biri mən. Həmişə düşünmüşəm ki, həyat yoldaşımı xoşbəxt edə bilməyəcəmsə, övladldrımı təmin edə bilməyəcəyəmsə niyə ailə qurum? Bilirsən, bizim mental düşüncədən bir qədər kənardayam mən. “Kim nə deyər?” sualı mənə aid deyil. Bir də yəqin ki hələ ürəyimə yatan, məni tam anlayana rast gəlməmişəm. Ömər xəyyam yadındadır?
Hər əlinə keçəni yeməkdənsə ac qal,
Hər qarşına çıxanla yaşamaqdansa tək qal- deyirdi Xəyyam.
- Nə qədər doğru! Mən də hər kəslə ailə qura bilməzdim. Həm də indi robotlar əsridir axı. İnsana, onun hisslərinə ehtiyac olmayacaq bir azdan. Hisslər də ölüb gedəcək.
- Amma bütün bunlarla yanaşı, istərdim ki, ailəm olsun, uşaqlarım olsun.
- Elə bilirsən mən istəməzdim? Hərdən elə darıxıram ki...
- Şəlalə, Şeyla, bu nə addır ee qoymusan özünə?- deyə Məcid mövzunu dəyişməyə nail oldu.
- Mən qoymamışam. Amerikalılar qoyub. Amma düşərli addır.
- Əşşi... Nə vaxtdan belə şeylərə inanmağa başlamısan?
- Sən Şəlalə deyə bilərsən mənə. Uşaqlıq dostum kimi.
- Yaxşı. Dur. Gecdir. Dur aparım səni evinizə.
- Bəs mənim maşınım?
- Sənin maşınınla aparım da
- Bəs səninki?
- Narahat olma, sonra gəlib götürərəm. Dur. Götür bu çantanı da və xahiş edirəm, elə et ki, mən onu bir də görməyim.
******
Bir müddətdən sonra nə Şeyla nə də Məcid aralarında qəfil yaranan sevgini gizlətmirdi. Onlar sözün əsl mənasında xoşbəxt idilər. Deyirlər sevgi ilə nifrət arasında cəmi bircə addım var. Şeyla isə deyə bilərdi ki, nifrətdən sevgiyə sadəcə bir keçid var. Çünki bir zaman ürəyində nifrət bəslədiyi Məcidi indi çox sevirdi....