Sabir Zəkullaoğlu - Qəribə millətik, vallah.
Dirilərimiz qalıb, ölülərimizə görə bir-birimizi qırırıq.
Mən tarixi şəxsiyyətlərimizin təhqir olunması, küçümsəməsinin tərəfdarı deyiləm.
Hətta o tarixi şəxsiyyətlər uydurma, mifik olsalar belə.
Axı niyə də yox?!
Ağıllı insanlar nəinki yalandan tarixi şəxsiyyətlər, hətta özləri üçün, daha doğrusu bizim üçün bir allah da uydurublar.
Düz də ediblər.
Çünki insanın fitrətində yalana maraq daha böyükdür. Yalanın variantı çoxdur. Həyatın bütün rəngləri yalanda toplanıb.
Yalansız yaşamaq mümkün deyil.
Bütün dünya bunu edir.
Gəlin səmimi olaq, təkcə bu gün, heç birimiz işdə, yolda baş verənləri olduğu kimi, yəni düzünü gəlib evdə danışa bilmərik.
Danışsaq bu axmaqlıq olar. Ağlı olan doğrunu yox, lazım olan yalanları uydurub danışar.
Yalan bizi yaşadır.
Ailələri qoruyur.
İşdə müdürlə münasibətləri yoluna qoyur.
Bir halda ki, dünyanı idarə edən nəhəng güclər gözümüz görə - görə, qulağımız eşidə-eşidə, böyük ekranlardan bizə bütün yalanları danışırlar, demək doğrusu da budur.
O halda bizim xeyrimizə olan, bizi xoşbəxt edən yalanlara biz niyə imza atmayaq ki?
Nə bilim, vallah. Bəlkə də dünyada ikinci belə bir xalq tapılmaz ki, ölülərinə görə dirilər bir- birini qırsın.
Məni qınamasanız bu xüsusun bizə dinimizdən-şiyə dinindən gəldiyini deyərdim.
Neçə ildir ərəblərin ölülərinə ağlamaqdan ölürük.
Niyə şəyə dini ifadəsini işlətdim, zatən islam dinindən əsər əlamət qalmayıb, olan qalan dinimiz şiyə-İran, molla, fars dinidir.
Qardaşlarım, bacılarım, sizin başınıza dönüm, dirilərimizin qədrini bilək.
Haqsız yerə tutulan, şərə, böhtana düşəni müdafiə edək. Yeni şəxsiyyətlər yetişdirək.
Bir- birimizin xətrinə dəyməyək. Əksinə, yaşamağa stimul verək.
İçimizdəki yaşam eşqini öldürməyək.
İrəli baxaq, sabahı müzakirə edək..