SÜLEYMAN ABDULLA.: - ÖZÜN DƏ SUSURSAN...

Ədəbiyyat 09:04 / 21.04.2025 Baxış sayı: 837

 

Özün də susursan, telefonun da,

Barı giley dolu incik bir səs at.

Bu haqq dünyasında məhşər gününə,

Əlimi yaxanda unutdum, kəs, at.

 

Möhlət də min ildə olandı tək-tək,

Mən çəkən həsrəti bircə gün çək tək.

Səni görmək üçün əsdim ürəktək,

Ahını üstümə gül kimi əs, at.

 

Bu eşq yoludusa var qəza, qada,

Yoxsa ömrü verdik ümidlə bada.

Daşı atılmışlar çoxdu dünyada,

Kimi gözləyirsən, ya nəyi bəs, at.

 

Nə göydü, nə yerdi boş ovuc çatan,

Gözümü çıxartdı qəlbimdə yatan.

Bir var könül alan, bir adam satan,

Nə al ürəyimi, özümü nə sat.

 

Şəklinə baxıram, mələk donunda,

Bütün davaların sülh var sonunda.

Özün də susursan, telefonun da,

Barı bir boş mesaj, bir sözsüz səs at.