Sona Vəliyeva:  - ƏKİZLƏR BÜRCÜ VƏ YA    AVTOPRTRET

Ədəbiyyat 19:22 / 30.09.2024 Baxış sayı: 1379

 

Kövrəyəmmi, ciddiyəmmi,

İkiyəmmi, təkcəyəmmi?

Özümdən sorub gəldim

Kimsən, Allahın adamı?

Ruhumun gecə-gündüzü,

Yeddi yolu, qatı varmış,.

Üzüm əlacsız güləndə,

Gözüm dalda ağlayırmış.

Özümə yol başlayıram,

Elə yollarda itirəm.

Əlim doğmaların üstə,

Özüm baş alıb gedirəm.

Gedirəm bu iki yolla,

Yerlə göyün arasıdır.

Rəngli yuxum oğurlanıb,

Qalan ağı, qarasıdır.

Bir əlim boş, biri dolu,

Çoxuna varlı kimiyəm.

İki mələyin yazdığı

Ən ağır çiyin yüküyəm.

Nifrətlə sevgimin həddi

İki kirpik məsafəsi.

Bir qulağımda şeytanın,

Birində Tanrının səsi.

Kiməm, niyə gəlmişəm?

Yolum hayanadır belə?

Ölüb yox olmaq var ikən,

Var olmuşam bilə-bilə.

Bu da əkizli ömrüm,

Kimə qıyım, kimlə bölüm?

Ruhum balama hayandı,

Buraxın rahatca ölüm.