Sevinc Qərib : - GƏL, QAPIMI BAHAR KİMİ DÖYƏRSƏN
Bilirsənmi, payız kəsib qapını,
Xəzəl örtüb izlərimi yollarda.
Qarı nənə yığıb yenə sapını,
Toxuyacaq buz donunu yollarda...
Kəsiləcək yoxuşlardan ümidim,
Don vuracaq arzuları bələkdə.
Taleyimin baharından kəm idim,
Qismətimə əl uzadır külək də.
Əllərimin harayına kim çata?
Hovurmaqdan nəfəsim də yorulub.
Bu qəribin günahına kim bata?
Boş otaqda "dar ağacı" qurulub...
Duymazsan içimdə nalə çəkəni,
Səsim ürəyimdə boğulub qalar.
Sənsiz gündüzünə zülmət çökənin
Qaranlıq gecədən qorxusu olar? !
Köhnə libas təzə dərdi yormamış,
Kürüyərəm xəzəlləri izindən.
Bəyaz qoca çöllərdə taxt qurmamış
Qayıt, itək qayğıların gözündən.
Həsrətin şəklidi saçımdakı dən,
Qırışlar da cığırlanıb üzümdə.
Qibləsinə durduğumuz sevgi də
Yazıq olub, fağırlanıb gözümdə.
Xəbər göndər üzü bəri gələndən,
Donmuş əllərimdə ümid göyərsin.
Yapış elə bu payızın əlindən
Gəl, qapımı bahar kimi döyərsən.