Sevinc Qərib : - DINLƏ, AY ADAM, DİNLƏ!

Ədəbiyyat 08:13 / 21.04.2025 Baxış sayı: 572

 

Eşidirsənmi, adam?!

Ürəyimin səsiylə

zümzümə edir gecə,

bir az qulaq ver dinlə...

Xatirə havasına

yas tutur xəyallarım,

gecənin qollarında

titrəyən şəhər kimi

buza dönüb bədənim.

Ruhumun səsi çıxmır,

heç bilmirəm hardadı.

Gözlərimi asdığım

tavan yaman ağrıyır...

Düşüb yuxu dalınca

hardasa azan fikrim,

geri iz tapmadığı

nəhayətsiz yolları,

ilişib qopmadığı

dağı-daşı qarğıyır.

Yuvasız quşlar kimi

əllərim qərib, yetim,

ovucların uzaqda..,

Dinlə, ay adam, dinlə!

dinlə, ağrının səsin,

yoxluğuna boyanmış

gecənin zümzüməsi

qoy layla çalsın sənə.

Dinlə, gecədən keçən

bir qadın sükutunu

dinlə, ay adam, dinlə!