Sənə görə yaranıbmış bu dünya - Əlizadə Nuri

Sevinc qaldı, dərdi-səri istədim,
Tanrı yazan o "əsər"i istədim...
Min nəfərdən bir nəfəri istədim,
Görən çoxmu bu umacaq?- bilmirəm.
Göyərmirsə, neynirsən söz əkməyi?
Hər quş bilməz kəklik kimi səkməyi...
Saçlarına yüz yol sığal çəkməyim,
O yetimi ovudacaq?- bilmirəm.
Yatmamışam -bəs nədir bu yozduğum?
Göl olmadı damla-damla sızdığım...
Günün yazıb qaranlığın pozduğu
Bu məktubum oxunacaq?- bilmirəm.
Əl atdığım O ƏTƏKDİ görəsən?
Gələcək də gələcəkmi görəsən?
Sənə baxıb görəcəkmi görəsən?
Görəcəkmi bu kor bucaq?- bilmirəm.
Çox soyuqmuş canıyanmış bu dünya,
Səni görüb daranıbmış bu dünya...
...Sənə görə yaranıbmış bu dünya-
Səndən sonra nə olacaq?- bilmirəm...