Saqif Qaratorpaqdan  YENİ  ŞEİRLƏR 

Ədəbiyyat 20:24 / 17.05.2024 Baxış sayı: 1486

 

                          ***

Çox gözlədin,çıxmadı qanadların,uçasan,

Yüyürüb bir sevginin arxasınca yıxıldın.

Bir yetim bənövşəydi ümidin kol dibində,

Bir gecikən bahara göz açınca yıxıldın…

 

Sən demə yalan imiş div də,qızıl alma da…

Eşitdiyin nağılın hamısı boşa çıxdı.

İçib göz yaşlarını dərdin elə böyüdü,

Çoxu küsənib dedi,bəxtəvər dağa çıxdı.

 

İndi özün tutuşub öz oduna yanırsan,

Bir əlçim bulud da yox,qəzəbini soyuda.

Dərdini danışmağa bir uçuq divar da yox,

Axı uşaq deyilsən,səni kimsə ovuda.

 

Bəs kimə üz tutasan,kimə gileylənəsən?

Dünya çoxdan beləymiş, vəfasız çıxdı hamı…

Deyirdi “qayıdacam” o zalım balası da…

Gedənlər geri dönmür,yollar udur adamı.

 

Nə gələn var,nə gedən…durnalar köçüb gedir.

Qapını külək döyür,pəncərəni yağışlar…

Sən onun günahından ürəyində keçmisən,

Nə ola,dönüb deyə bircə dəfə “bağışla...”

                        ***

Sən gələndə gec olacaq,yaman gec...

Görəcəksən,qar basıbdı yolları.

Bağlayıbdı bizə gedən cığırı

Topa-topa böyürtkən kolları.

 

Soruşarsan,çoxu deyər bilmirəm,

Biri dəyər,keçən payız görmüşəm.

Bir dəli də gülə-gülə söyləyər:

-Dünən yolda ona salam vermişəm...

 

Pəncərəmdə hörümcəklər tor qurub,

Bağlı qapım susub elə haçandan.

Biri deyər,köçüb gedib deyəsən,

Neçə vaxtdı çörək almır dükandan.

 

Neçə aydı bəlkə yanır beləcə,

Söndürən yox eyvandakı lampanı.

“İndi gələr,qoy bir az da gözləyim,

Hələ məni yanıltmayıb gümanım.”

 

Axşam düşər,gediş-gəliş kəsilər,

Axşam düşər,başın üstə ay doğar.

Əl-ayağın buza dönər soyuqdan,

Buz bağlayan kipriklərin yumular...

 

Ağ nərgizlər çiçək açar yuxunda...

Ya yatmısan,ya da elə donmusan...

Bir doğma səs səni qəfil ayıldar:

-Gedək evə,burda niyə durmusan?!

 

             ***

Uşaq deyiləm ki,küsüb də gedəm,

Getməyə elə bir yerim də yoxdu.

Elə dilə tutdun,danışdım nə var,

Daha gizlətməyə sirrim də yoxdu...

 

Başımı qoymağa bir diz qalmadı,

Nə varsa əlimdən aldı bu torpaq.

Elə söylənirəm özüm-özümə,

Gücüm deyinməyə yetirmiş ancaq.

 

Üzümü söykəyim kimə,ağlayım?

Gözümü sıxmağa bir çiyin yoxdu.

Nələrsə qazandım,varımdı...amma,

Heyif, öyünməyə heç nəyim yoxdu...

 

Nakam arzuların cəni gözümdə,

Kövrək ümidlərin itən yeriyəm.

Biçilmiş zəmiyəm,calınmış otam,

Yıxılmış ağacın mən də biriyəm...

 

Mənə ərk edənlər elə çoxdu ki...

Hamı məndən küsür...mən kimdən küsüm?

Gizlicə gözümü sıxım qəlbimə,

Hamıdan xəbərsiz özümdən küsüm...

       

             ***

Çoxdan gözə almışam,

Çoxdan...unudulmağı.

Kimsəyə yük olmasın

Sinəmdəki eşq dağı.

 

Kürəyimi söykəyib

Bir palıd ağacına,

Susmuşam...ancaq ruhum

Gecə-gündüz uçunar...

 

Səssizliyin içində

Batan bir səsəm mən də.

Tanrım,bu son cəzamı,

Neyləsin indi bəndə?!

 

Üşüyür minarədən

Yüksələn azan səsi.

Dərdimi danışmağa

Heyif,yoxdu bir kəsim.

 

Kim yetər qoxlanmayan

Güllərin harayına.

Kim bilir, nə düşəcək

Qismətinə,payına.

 

Gecənin köynəyini

Yarıb çıxdım işığa.

Bir babat nağılım var,

Özümə danışmağa.

 

           ***

Bəlkə də ən çətini

geri dönməkdi elə.

Qoyub gəldiyin ocaq

demə dönübmüş külə...

 

Sel yuyub,su aparıb

sən getdiyin yolları.

Qurumuş budaq kimi

düşüb yana qolların...

 

İndi könül evinin

divarı göy mamırdı.

Tavanı damır elə,

deyirsən,nə yağmurdu?

 

Təzə ocaq çatmağa

bir dənə kibritin var.

Bu yağmurlu havada

o da çətin alışar...