Saqif Qaratorpaq : - Yarı zarafat,yarı ciddi...
***
Bilirsən ki,bitəcək,
Sonsuz deyil bu görüş.
Üşüdər dodağını
Sonuncu soyuq öpüş...
Dayanmarıq nə vaxtsa,
Bəlkə bir də göz-gözə.
Günahkaram... çıxarma,
Nolar,məni təmizə.
Silinməz yaddaşından
Bu şirin günün tamı.
Kim nə deyir,qoy desin,
Qınasın bizi hamı.
Söndür telefonu da,
Aramasın dost,tanış.
Unut yaxını,yadı,
Bircə özündən danış.
Qoy fırlansın,bizə nə,
Lap kainat tərsinə.
Nə olar,bircə dəfə
Gecik sən də dərsinə.
Sevinsin,əllərindən
Öpən sarı çiçəklər.
Xumarlansın uçuşan
Xallı ağ kəpənəklər.
Xatırla hər rəngini,
Çək bu günü necə var...
Ürəyinə,gözünə
Köçür,özünlə apar...