Saqif Qaratorpaq : - Canım-gözüm,günü günə satma gəl,

Ədəbiyyat 19:35 / 01.10.2024 Baxış sayı: 905

***

Canım-gözüm,günü günə satma gəl,

Bir ömürdə bir də belə yaz olmaz.

Bircə dəfə xəyalından keçməsəm,

Bircə günüm yaddaşına yazılmaz.

 

Çiçək açdım qələminin ucunda,

Tanrı yazdı adım üstə adını.

Gözlərimdən gilə-gilə su verdim,

Yaxşı duydum həsrətinin dadını.

 

Zülüm elə,hərdən-hərdən küsüb get,

Nə gözəldi,qoy sitəmin bol olsun.

Gəlişinə baxışımı sərmişəm,

Gedirsənsə,sinəm üstü yol olsun.

 

Getmək asan,dönmək çətin...tələsmə...

Nə olsun ki,ay tələsir,gün uçur.

Surətini ürəyimə köçürüm,

Bir gecəlik gözlərimdə yuva qur.

 

Bir fürsətdi hər günümüz,gecikmə...

Sevinməyə belə gözəl vaxt hanı?

Ürəyində son nəğməyə dönəcək

Bəlkə elə bircə günün dastanı.