Əlizadə Nuri- Sənə yağış dərirəm...
Ədəbiyyat
13:42 / 24.05.2026
Baxış sayı: 409
Sənə ocaq çatıram,
Misraların ahından.
Yağış dərirəm sənə
Buludun budağından...
Sənə şeir tikirəm,
Ürəyimin sapıyla.
Cənnət qururam sənə
Cəhənnəm əzabıyla.
Yüz il duran deyiləm,
Sizin elçi daşından.
Sənə üzük yonuram
Çiçəklərin qaşından...
Sənin üzünə baxıb,
Ayı da danmaq olar.
Səndən ömür düzəldib
Min il yaşamaq olar.
Gör harda tapdım səni-
Bir gülün nəfəsində.
Sənə nəğmə qoşuram,
Axan çayın səsindən...
...Sənə ocaq çatıram-
Misraların ahından.
Yağış dərirəm sənə
Buludun budağından...