Aida Adıgözəl -Elə kövrək yağış yağır

Ədəbiyyat 20:42 / 24.05.2026 Baxış sayı: 324

Elə kövrək yağış yağır,

həzin-həzin, narın-narın.

Elə şirin səsi gəlir

nazlı-nazlı rəqs eləyən

muncuq-muncuq damlaların.

Mən hamısını tanıyıram o səslərin...

Darıxmağın səsi ayrı,

kədərin boz hıçqırığı.

Hələ, hələ tənhalığın

nəm qoxuyan otaqlarda

o dəhşətli qışqırığı...

Mən hamısını tanıyıram o kəslərin...

Gözlər var ki kimlər düşmüş,

ürək var ki qırıq-qırıq.

Hey çığırırır öz içində

- "üşüyürəm, qış qurtarmır,

pəncərələr sınıq-sınıq"...

Mən hamısını tanıyıram "əbəs"lərin...

24.05.2025

Aida Adıgözəl