Şahverən  Cavad -   Ədalət qapıda dursa yetimtək 

Ədəbiyyat 17:39 / 22.09.2026 Baxış sayı: 404

 

Hamıdan uzundur kasıbın qışı,

Mərhəmət ocaqtək yanıb-kül olub.

Məkkə də yumşaltmır daş ürəkləri,

Yetim qapısından keçir Həcc yolu.

Büküb göz yaşına dualarını,

Göndərər göylərə-ümidlə baxar.

Sanki duaları buluddan dönər,

Yağıştək damından başına yağar.

Mizan-tərəzidir dünya əzəldən,

Bir gözündə daş var,birində haqdır .

Ədalət qapıda dursa yetimtək,

Gec-tez zalım dünya dağılacaqdır.

Bataqlığa dönüb susan vicdanlar,

"Susmaq da qızıldır"-kim deyib sözü?

Susanın haqqını qapıb,yeyənlər

Qızıl dənizində üzürlər özü.

Düz sözün qüdrəti Tanrıdan gələr,

Söykənib kürəyi düz kölgəsinə.

Kasıbın ömrünü pilləkan edib-

Hər gün pillə-pillə qalxan-tez sınar.

22 . 09 . 2026