Ayaz Arabaçı - Elazığ ofisimdən..

YAZARLAR 09:35 / 22.09.2026 Baxış sayı: 198



Elazıgın gəzməli-görməli yerləri ilə fürsət düşdükcə sizi tanış eləməyə söz vermişdim..

Elazığda qədim Harputa qalxanda adamı insanlarıyla bərabər qalaları, qədim küçələri və daş evləri qarşılayır. Harput qədim bir kitabdı..Onun ən qiymətli səhifələrindən biri də Sara Xatun türbəsidir.. Məscid də deyirlər.
Sara Xatun haqqında tarixi mənbələrdən çox oxumuşuq. O, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası idi. Tarixi mənbələrə görə, məscid 1465-ci ildə əvvəlcə bir ibadət yeri kimi tikdirilib, sonra məscidə çevrilib. Mənbələr deyir ki, Harput 1465-də Ağqoyunlu hakimiyyəti altına keçmişdi.
Qürurverici bir haldır ki, bir türk qadınınin adı beş əsrdən artıqdır ki, Harputun daş yaddaşında yaşayır!! .
Məscidin ilkin quruluşundan sonrakı əsrlərdə müxtəlif təmir və bərpa işləri aparılıb. Məscid haqqında bilgi verən Suat xanım deməyinə görə bu türbə 1585-ci ildə əsaslı təmir olunub, minarəsi isə 1898-ci ildə əlavə edilib.
Bu məbəd haqqında Harputda bir rəvayət də danışdılar mənə..
Rəvayətə görə, Sara Xatun əvvəl yoxsul imiş, yun əyirib iplik hazırlayarmış. Bir gün Allaha dua edib ki, topladığı yunlar qızıla çevrilsin və o da həmin qızılın hesabına elə bir məbəd tikdirsin ki, insanlar yayda da, qışda da rahat şəkildə ibadət edə bilsinlər. Rəvayətə görə, duası qəbul olunur..
Əlbəttə, bu tarixi fakt deyil, Harput folklorunda yaşayan rəvayətdir. Amma bəzən bir şəhərin ruhunu anlamaq üçün yalnız daş kitabələr yox, onun xalqının yaratdığı əfsanələr də kömək olur.
Bu rəvayətdə Sara Xatun yalnız bir hökmdar anası kimi deyil, xeyirxahlıq etmək, insanlara ibadət və elm üçün məkan yaratmaq istəyən bir qadın kimi təqdim olunur.
Məscidin qarşısında dayananda adam istər-istəməz keçmişi düşünür. Beş yüz ildən artıq zaman keçir. Hökmdarlar dəyişir, dövlətlər dağılır, şəhərlər yox olur, yenidən qurulur, insanların geyimi, dili, gündəlik həyatı dəyişir. Amma daşdan tikilmiş bu məbəd öz sakitliyini qoruyur.
1465-ci ildə Sara Xatunun adı ilə başlayan bu tarix bu gün də davam edir.