Rəfail Tağızadə : - Liderlər doğulurlar.

Zamanla məkanın və şəraitin uzlaşmasıdır uğur. Bu ortamda olmaqdır insanı məşhurlaşdıran. Burda fikrin və düşüncənin, deyilən sözün önəmi də danılmazdır. Bu günü və gələcəyi görə bilməyin, olanları analiz etməklə möhkəmlənən konkret nəticənin rolu ilə birlikdə. Məqamı dəyərləndirərək.
Düzdü, tarixin tarixə verdiyi qiymət bəzən gec olur, amma unudulmur. Yaddaşlarda qalır.
Yaşadığın dövrün qiyməti və qiymətləndirməsi təzadlı ola bilir. Ancaq bir fikir, bir ideya bəzən insan həyatını dəyişdiyi kimi, ölkənin, dövlətin həyatında da mühüm rol oynayır. Tarixləşir.
İnsanda elə keyfiyyətlər, elə xüsusiyyətlər var ki, onlar doğuluşdan səninlə bərabər gəlir. Sonradan zaman-zaman qazanılanlar da olur. Bunların yaxşını seçib sistemləşdirərək inkişaf etdirənlər önə çıxırlar.
Bəli, liderlər doğulurlar. Çünki liderlik xüsusi istedad tələb edir.
Əgər liderə xas xarizma, intellekt, hədəfləri müəyyənləşdirmək, yaradıcı düşünmək, motivasiya, güc, böhranların idarə edilməsi, ünsiyyət, qərarvermə, idarəetmə bacarıqları, texniki məlumatlılıq, özünə əminlik, başqalarını həvəsləndirmək və öyrətmək, perspektiv görmək qabiliyyəti, komanda mühitini yaratmaq, insanlara dəyər vermək və başqa keyfiyyətlər səndə yoxsa, onda nə qədər çalışsan da hər şey müvəqqəti, ötəri olacaq.
Məntiq, təşkilatçılıq, insanların fikrinə, düşüncəsinə təsir etmək, arxasınca aparmaq qabiliyyəti, Tanrının lider üçün verdiyi hər şeyin cəmləşdiyi, özündən çox dövləti, milləti düşünən insanın, vətəndaşın, siyasətçinin, keçmiş döyüşçünün; danışığı səlis, yazısı oxunaqlı, anlaşılan, xalqın sevimlisi, hər zaman haqqı tapdananın yanında olan, müdafiəsinə qalxan, ədaləti hər şeydən üstün tutan, Azərbaycanın gələcəyinə böyük Ümidlə baxan Ümid Partiyasının sədri, dəyərli İqbal Ağazadənin bu gün doğum günüdür!
Siz Vətəni, onun hər qarışını hər zaman müqəddəs saydınız. Döyüşdüz, yenidən döyüşmək üçün israr etdiniz, ən xırda qələbəyə sevinərək böyük qələbələrə inandınız və inandırdınız. Vətən üçün əlinizdən gələn köməklikləri, yardımları da sevə-sevə, sevinə-sevinə etdiniz. Yaşadığınız ağrıların sağalması ruhunuzu təzələdi. Həsrətli torpaqları bağrınıza basıb, Şuşanın havasını bütün ciyəriniz böyü çəkərək ağrıları Çıdır düzünün qayalarından o tərəfə atdınız. Rahatlandız, gələcək rahatlığa tam inanaraq.
Sizdə məntiqə, güclü səs tembrinə, yaddaşa əsaslanan çıxışlardakı dolğundur, cəlbedicilik qurulan diskusıyada gözəl bir ortam yaradır. Və hər mövzuya uyğun əhatəli çıxış, ardıcıllıq, fikir möhtəşəmliyi və yaddaşlara hopan sonluq!
Tanrının verdikləri ilə birlikdə qazandıqlarınız sizi bir siyasətçi olaraq hər zaman sevdirdi. “Görək o, nə deyir?” - deyərək diqqət kəsilən sevənləriniz kimi başqalarını da yanıltmadınız.
Xalqı, milləti, dövləti düşünənlərin sevənləri də çox olur. ÜMİDinə ümid bəsləyərək.
Uzun yolun yolçusu olan, bütöv – o taylı, bu taylı Vətən sevdalısıdır İqbal Ağazadə!
Düşüncəsi, savadı, dünyaya baxışı, səsi, problemlərə yanaşması, analiz bacarığı, situasiyanı duymaq qabiliyyəti və başqa çox sayda əsl liderə xas olan keyfiyyətləri ilə hamıdan seçilən, sevilən və dəyərləndirilən İnsan, 55 yaşınız mübarək!