Ramiz Göyüş - Bir daha Bəhlul Ataxallı və İbrahim İlyaslının

YAZARLAR 17:35 / 04.02.2025 Baxış sayı: 766

“Neçəsən”  şeirləri haqqında

Bu günlərdə şair İbrahim İlyaslının və Bəhlul Ataxallının eynadlı “Necəsən” şeir ətrafında yaranmış gərginliliklə bağlı sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində gedən müzakirələrlə və rəylərlə tanış olduqdan sonra, mövzu ətrafında baş verən proseslər mənə şou biznes sahəsində davamlı olaraq gedən qalmaqalları xatırlatdı. Məndə belə bir təəssürat yarandı ki, şoubiznesdə gedən proseslərin ədəbiyyat cameəsinə də sirayət etmək təhlükəsi var. Elə bu səbəbdən də könül küsdürən bu mazakirələrə mən də öz mövqeyimi bildirmək istədim. Doğrusu şair Bəhlul Ataxallının qardaşlıarı-dəyərli şairimiz Musa Ələkbərli yaradıcılığına və şəxsiyytinə hörmətimə , qardaşımız Gəray Göyyurdun son illər qələbəmizi tərənnüm edən silsilə şeirlərinə rəğmən, Bəhlul Ataxanlı yaradıcılığına tanış olmadığım və onu tanımadığım üçün bir az utanc hissi keçirdim.

Hər iki şairin- həm İbrahim İlyaslının, həm də Bəhlul Ataxallının ”Necəsən” şeirlərini yenidən bir-neçə dəfə diqqətlə oxudum. Təbii ki, şeirlərin adı eynidir. Həm qafiyə, həm rədif, həm də ovqat etibarı ilə bir-birinə oxşar olan, gəraylı üstə yazlmış bu şeirlər barədə mən də, çoxları kimi o fikirdəyəm ki, onlar oxşar olduğu qədər də fərqlidir. Məlum olduğu kimi poeziyamızda “Necəsən” adı ilə kifayət qədər sayda şeirlər yazılmışdır. Altı yüz il bundan əvvəl də poeziyamızın zirvəlrindən biri olan Nəsimi “Mərhaba” qəzəlində yazırdı:

... Gəldi yarım nazilə, sordu, Nəsimi, necəsən?...

Düşünürəm ki, bu ifadə heç kəs tərəfindən inhisara alınmayıb və bu ad altında həm də İbrahim İlyaslının “Necəsən” şeirinə onlarca nəzirə yazılıb. Əgər hər hansı bir şeirin və ya əsərin adı üstündə yaranmış mübahisəyə yanaşsaq onda gərək Şeyx Nizaminin “Leyli Məcnun”undan sonra Mövlanə Füzuli “ öz şah əsərini –“Leyli Məcnun” adlandırmazdı. Əgər məzmun nöqteyi nəzərdən yanaşsaydıq onda gərək Böyük Səməd Vurğun da “Fərhad və Şirin”i yaratmayaydı. Yəni ədəbiyyat tariximizdən bu səpkili misalları kifayət qədər gətirmək olar.

Hesab edirəm ki, hər iki şairin “Necəsən” şeiri sənətkarlıq və məna baxımından o qədər güclü şeirlər olmasa da, hisslərin ifadəsi və ovqat baxımdan oxunaqlı və qulağayatan, həm də yaddaqalan şeirlərdir, oxucunu özünə cəlb edir və sevilir. Elə buna görə də hər iki şeir bədii qiraətçilərin və aşıqların repertuarına düşüb. Sadəcə İbrahim ilyaslının “Necəsən”inin bəxti daha uğurlu olub.

Səmimi desəm xətrini çox istədiyim, gözəl şairimiz Musa Ələkbərlidən və əzizimiz Gəray Göyyurddan İbrahim İlyaslıya qarşı belə bir kəskin reaksiyanın şeir dərc ediləndən on beş il sonra verilməsi təəccüb və təəssüf doğurdu. Və bu reaksiyadan istifadə edən güdükçülər isə bu gərginliyi aradan götürmək üçün odun üstünə su töməkdənsə, yağ tökdürlər. Ən narahatedici məqamlardan biri də məhz bu faktdır və bu gərginlikdən sevinən ancaq onlar olacaq.

Yuxarıda qeyd etdiyim kimi, şair Bəhlul Ataxallı ilə tanış deyiləm və yaradıcılğı barədə də ətraflı məlumatım yoxdur. Lakin İbrahim İlyaslını yaxından tanıyan, onun yaradıcılğına və istedadına yaxından bələd olan adam kimi yəqin bilirəm ki, heç vaxt imkan verməz ki, onun nəfəsinə yad nəfəs qarışa. Hesab edirm ki, Bəhlul Ataxallı da həmin qəbildən olan şairlərdəndir.

Və sonda hər iki şairin yaradıcılığından bir bənd nümunə gətirməklə istdim ki, yaranmış bu gərginliyin aradan götürülməsinə mən də bir vəsilə olum.

Mənim vecsiz dünyanın bir kəsiylə işim yox,

Mən haqqa tapınmışam-mənim Allah varımdı.

Mən yazanlar şeir yox,Tanrının möcüzəsi,

Ağaca, daşa, suya, oda məktublarımdı. (İbrahim İlyaslı)

Heyif, artır namərd, azalır mərdlər,

Artır daşürəkli, sifəti sərtlər!

Tək mənim deyilmiş çəkdiyim dərdlər,

Bütün dərdlilərdən ulu mənəmmiş! (Bəhlul Ataxallı)

Hər iki şairimizə hörmət və ehtiramla