Qəşəm İsabəyli : - 877 İLDƏN SONRA  BİR-BİRİNƏ QOVUŞAN  YEZNƏ-QAYIN

YAZARLAR 19:47 / 31.05.2025 Baxış sayı: 2007

 

                               (hekayə)

–Fikir vermişəm ki, biz Şirvanlılarda dövlətçilik ənənəsinə sadiqlik instinkti güclü olduğu halda, Qubalılarda peyğəmbər əleyhissəlamın sənətinə – tacirliyə məhəbbət istedadı daha yüksək səviyəyə çatıb.

BDU-nun geoloji şöbəsində oxuyurdum. İkinci kursu bitirib, hazırlaşırdım ki, çıxıb gedim Şamaxıya – evimizə, bir də gördüm tələbə yoldaşım Qubalı Valeh sevinə-sevinə girdi qapıdan:

–Nə tapmısan, ay Valeh, belə sevinirsən?!

–İş yeri tapmışam...

–İş yeri var indi bəyəm?!

–Özümüzə uyğun... hə!

–Hardadı?!

–Balakən-Zaqatala filiz rayonuna geoloji təcrübəyə gedə bilərik. 3 ay evdə oturub neyləyəcəyik, tətili orda keçirtsək nəyimiz ziyana gedəcək?! Yeyib-içməyimiz bir yana, heç olmasa beş-on manat da qabağa düşərik.

–Düz deyirsən, vallah, evdən pul istəməyə adamın üzü gəlmir day. İnan ki, köynək-köynək ət tökürəm əliboş rayona qayıdanda. Ata-ana yazıq nə qazanır ki?!

Beləcə 2 nəfər biz, 2 nəfər də yuxarı kursdan rus, Balakənə getmək uçün təyyarəyə bilet aldıq. Hava şəraiti imkan vermədiyindən 2 dəfə bileti dəyişsək də, işimiz düz gətirmədi. Axırda gördük, vaxt itirməyə dəyməz, avtobusa minib, kürəyimizi dayadıq söykənəcəyə.

Balakənə elə bir vaxtda çatdıq ki, nə dükan-bazar, heç yeməkxanalar da açıq deyildi. Ümidsizliyə qapılmağın faydası nəydi ki?! Düşdüyümüz şəraitlə də barışmalıydıq. Barışmaq, yəni ac qarına yatıb, bir də səhər gözlərimizi açmalıydıq. Elə yerimizə girməyə hazırlaşırdıq otğımızın qapısı, deyərdim ki, ərklə döyüldü. Bir-birimizin üzünə baxdıq:

–Kimdi tanıyan Balakəndə bizi, görəsən?!

–Valeh, Qubada ləzgilər çoxdu, – ona söz atdım, – bəlkə ləzgi dostlarının qohumları sənin Balakənə səfərindən xəbər tutub, dalınca gəlib, qonaq aparmaq istəyirlər?!

–Birincisi, hardaydı məndə o bəxt, ikincisi də Balakəndə az qala ləzgilər yaşamır, Azərbaycan türkləriylə yanaşı avarlar daha çoxdu burda. –Valeh gedib qapını açdı.

Bir nəfər uca boy adam girdi içəri.

Verdiyi “salam”dan, qalın kərpicvari bığından gürcüyə oxşayırdı. Danışmağa başlayanda gördük ki, yanılmamışıq:

–Xoş gəlmisiniz! – Deyə, keçib oturdu stolun baş ucunda. – Aşağıda qapıçıdan soruşdum ki, qonaq-qaradan gəlib-eləyən yoxdu ki, var, dedi, 4 tələbə gəlib Bakıdan. Deyə bilərsiniz nəyimə lazımdı gəlib-gedən?! Biz gürcülər ünsiyyətə öyrənmişik, tək qalanda darıxırıq. Neçə aydı ki, buradayam, ürəyim tutan bir adam tapa bilmirəm ki, həmsöhbət olum. Özüm də memaram, Balakənin baş planını hazırlayıram. Bəs siz kimsiniz?

–Biz də gələcəyin geoloqlarıyıq.

–Əla! Həm yaxşı peşəyə yiyələnirsiniz, həm də sizin işinizdə pomantika var. Sevirəm belə peşəni!

Valeh köndələn bir sual verdi:

–Nəyi yaxşıdı geoloqluğun?!

Gürcü sualı sualla qarşıladı:

–Nəyi yaxşı deyil ki?! Bax, sizin geoloqlar vaxtilə nefti kəşf eləyib, verib xalqın öhdəsinə.

–Neft özü özünü kəşf eləyib bizdə. Azərbaycan torpağının nefti tarixi-qədimdən üzdə olub. – Dedim.

Gürcü təslim olmaq fikrində deyildi:

–Bəs dəmirə, qızıla, misə nə deyirsiniz, bəs Neft daşlarını kim tapıb çıxardıb üzə?

Etiraz eləməyin yeri yox idi:

–Doğrudu... – xorla cavab verdik.

–Nə olsun ki, neftdi, qızıldı, dəmirdi, misdi... Moskvaya axıb gedir faydası, amma iş yerləri ki, özünüzdə qalır. On minlərlə neftçiniz var...

Özümüz ac, əsnəmək də əsnəmək dalıyca... başımızda yeməkdən və yatmaqdan başqa ayrı fikir yox idi. Gürcü də yəqin yaxşı yeyib, çaxırını da vurub, indi də söhbət eləməyə adam tapmışdı. Başladı yer-yurdumuzla maraqlanmağa. Sanki bizimlə bir rayondan çıxacağına əmin imiş. Əvvəlcə ruslara üzünü tutdu:

–Hardansınız?

–Bakılıyıq!

Tez də bizə tərəf çevriləndə, Valeh qabağa düşdü:

–Mən də Qubalıyam.

–Bəs siz? – Gürcü mənə baxdı.

–Şamaxılıyam, – dedim.

Hiss elədim ki, qonağımız oturduğu yerdə bir qədər dikəldi:

–Haralı, dediniz, yaxşı eşitmədim?!

–Şamaxılı!

–Axx... Şamaxı... Şamaxı...

–Adınız nədi?

–Pasportda adım Ağamahmuddu, qısa olsun deyə, Mahmud deyirlər mənə.

– Mahmud, ey əziz insan! – Cəld yerindən durub, gəlib dayandı mənim qarşımda. Mən də tez ayağa qalxdım. – İcazə verin, əlinizi sıxım! – İkiəlli əlimi əlinin içənə alıb, gözünü zillədi gözümə, – qohum olduğumuzu bilirsinizmi, Mahmud?!

Nə deyəcəyini başa düşmədiyimdən mat-mat üzünə

baxdım.

–Yox, belə olmaz, bu “siz” məni dar paltar kimi ya¬man sıxır. Qohum qohumla rəsmi dillə danışmaz. Mən “sən” deyəcəm sənə, Mahmud.

Razılıq əlaməti olaraq gülümsədim.

–Mən “qohum” deyəndə sən niyə şübhəylə yanaşdın

sözümə?!

–Axı mən Azərbaycan türküyəm, siz gürcü?!

–Baxmayaraq ki, memaram, amma xalqımın tarixini öyrənmişəm. İcazə ver, səndən soruşum, Birinci Axsitan kim olub?

–Şirvanşah.

–Onun işini-əməlini də bilməmiş olmazsan yəqin?!

–Heyf ki, tarixçi deyiləm.

–Mahmud, atalar məsəli var, qarı düşmən dost olmaz! Dostumuzun, düşmənimizin kim olduğunu biz yalnız tarixdən öyrənə bilərik. Mütləq onları tanımalıyıq! Min il əvvəlin dostu yenə də dostumuzdu, düşməni də düşmənimiz. Axsitan kimdi, dedin?

–Şirvanşah Birinci Axsitan Şirvanşah Üçüncü Məniçöhrün oğlu...

–Əhsən! Bəs onların ailələri haqqında nə bilirsən?

–Əslində heç nə.

–Belə olmaz, qohum, belə olmaz, bilməlisən.– Gürcü tez əllərimi buraxıb, çevrilib, otaqdan çıxdı.

–Ay Mahmud, işə saldın da bizi, – Valeh məzəmmətlə mənə baxdı, – deyə bilmirdin Bakıdanam, gərək Şamaxı-lıyam deyəydin?! İndi bu memar bizi qoysa yatmağa, adımı dəyişərəm.

Gürcü 10 dəqiqədən sonra yekə bir kitabla içəri girdi. Baxdım ki, “Gürcüstan tarixi”di.

–Mahmud, dalımca gəl, qoy yoldaşların bu kitabla

tanış olsunlar.

–Çək cəzandı, – Valeh dedi, – get o biri kitabları da vur qoltuğuna, gətir tök qabağımıza, gürcü bizə tarix dərsi keçsin.

Tələbə yoldaşlarımın yanından çıxıb, gedik gürcünün otağına. 2 qutunu mənə nişan verdi:

–Mahmud, adımı demədim sənə bayaq, Vaxtanqdı adım. Bu qutunu sən götür, düş qabağa, bunu da mən.

Bizi qucağı dolu görən yoldaşlarım dik atıldı. Cəld başladılar stolun üstünü səliqəyə salmağa.

–Qohum, qutuların içindəkiləri yığ süfrəyə.

Bir qutunun ağzını açmağımı gördüm. Bir qazança soyutma ət, doktor kolbasası, 2 təndir çörəyi, duz-istiot, pendir, göy-göyərti, 2 şüşə də çaxır...

–Əyləşin, əziz qonaqlar. Bir-iki tikə siz yeyin, bir-iki dəqiqə də mən danışım, Mahmudla qohumluğumuzun sir-rini açmaiıyam axı.

–Buyurun, buyurun... – yer-yerdən bağırışdıq.

–Mən bu nemətləri ona görə gətirdim ki, qohumluğumuzun şərəfinə badə qaldıraq. Əvvəlcə bu qohumluğun üzə çıxmasında bizə yardımçı olan “Bakı-Balakən avtobusu”nun sağlığına içmək istəyirəm.

Gülüşdük.

–Dostlar, sözüm sizə gülməli gəlməsin, əgər bu avtobus vaxtında gəlib çatsaydı mənzil başına, güman ki, siz də vax¬tında şam eləyib, indi gəzirdiniz Balakən küçələrində. Gözləriniz də qalmışdı türk gözəllərinə oxşayan sarı saç, gözü göy avar qızlarında. Sabah səhər isə mən də, hər şeydən xəbərsiz, olacaqdım Laqadoxidə, yəni Vətən torpağında. Nə Mahmudu görəcəkdim, nə qohumluğumuzu yad eləyəcəkdik. Odur ki, içək “Bakı-Balakən avtobusu”nun sağlığına!

–Yaşasın “Bakı-Balakən avtobusu”! Urra... – badələri başımıza çəkib, yeməyə davam elədik.

–Mahmud, mənə baxmayın, mən bəs deyincə yemişəm,. – Vaxtanq canıyananlıqla bizi yeməyə həvəsləndirdi. – Amma mən tarixi keçmişimizi vərəqləmək istəyirəm.

–Buyurun, buyurun... –xorla cavab verdik.

–Bayaq Mahmuddan nahaq yerə soruşmadım Şirvanşahlar haqqında. Gürcüstanı vahid dövlət halına salan Qurucu David uzaqgörən olub. O, siyasi məqsədlər üçün qıpçaq hakimi Ətrəkin qızı Quranduxtla evlənib, 1118–1120-ci illərdə 45 minlik süvari orduyla birgə 200 min qıpçağı Şimali Qafqazdan Şərqi Gürcüstana köçürtmərlə onların təcavüzündən xilas eləyib ölkəmizi.

Həmçinin bizim Qurucu atamız David, səlcuqlara qarşı mübarizədə Şirvanşahlarla eyni mövqedə olduqlarını görüb, qızı Tamarı verib Şirvanşah Əfridunun oğlu Məniçöhrə. Deyim ki, Şirvan şahlığının da bu qohumluğa ehtiyacı vardı. İki qonşu dövlət xarici müdaxiləyə qarşı birgə duruş gətirə bilərdilər.

Şahbanu Tamar qadınlıq həyatını əyləncələrlə keçirtməyib, Şirvan dövlətinə 3 igid, bir mələk bəxş eləyib. Məniçöhrlə Tamarın böyük oğlu ki, Birinci Axsitan idi, ona da Gürcü çarı Üçüncü Georginin bacısı qızı İsmət ət-Dini alıblar. Mahmud, bildin da qohumluğumuzun tarixçəsini?! Burdan da, yəni 1111-ci ildən – Məniçöhrlə Tamarın evləndiyi tarixdən səninlə mən olmuşuq yeznə-qayın, ey gözəl insan!

–Çox sağ olun bu məlumatlara görə, əziz Vaxtanq!

–Mahmud, uşaqlara de əl saxlasın, çaxırı qoymayaq istilənməyə. Dostlar, bu badələri də içək Şirvanşalardan və Qurucu Daviddən yadigar qalan qohumluğun və 877 ildən sonra bir-birini tapan yeznə-qayın Mahmudla Vaxtanqın sağlığına!

Biz gülüşüb, badələri çaqqıldatdıq:

–Var olsunlar! Var olsunlar!– Çığırıb-bağırıb, çaxırı başımıza çəkdik.

–Böyük şairləriniz Xaqani Şirvani və Fələki Şirvaninin əsərlərində Məniçöhr və Axsitan haqqında dəyərli fi-kirlər var. Xaqaninin Təbrizdə tapılan bir məktubunda deyilir ki, Gürcü çarı III Georginin başının üstünü qara buludlar alanda, Axsitan Şirvanın cəsur döyüşçüləriylə Şəkinin cənubundan Abxaza yollandı. Burada üsyan eləyən dəstələri güclü zərbə ilə məğlubiyyətə uğradıb, ölkəmizi, sevimli Gürcüstanımızı fəlakətdən xilas elədi...

Siz bir dostluğun, qohumluğun gücünə baxın, Axsitan istəsəydi Gürcüstanı işğal eləyərdi, amma bir müttəfiq kimi belə yanlış fikirlər onun heç ağlının ucundan da keçməmişdi.

Biz maraqla gürcü memarın söhbətinə qulaq asırdıq.

–Allaha şükür, biz gürcülərlə siz Azərbaycan türkləri dostumuzu-düşmənimizi yaxşı tanıyırıq, Mahmud! – Vaxtanq dedi, – bu badələri də qaldıraq – yeznələrimiz Şirvanşah Məniçöhrlə Şahbanu Tamarın, Şirvanşah Axsitanla İsmətin müqəddəs ruhlarının şərəfinə! Şad olsun ruhları!

– Şad olsun! Şad olsun!– Biz də onun səsinə səs verdik.

–Belə olmaz, dostlar, belə olmaz, – Vaxtanq bizi məzəmmət elədi, – müsəlmançılıq yeri deyil, o boyda şəxsiyyətlərin şərəfinə ayağa qalxmaq lazımdı!

Tez atılıb durduq yerimizdən. Badələri başımıza çəkən kimi də oturub, yenidən əl uzatdıq yeməyə.

Vaxtanq hərdən bir-iki tikə götürüb, bizim həvəslə

yeməyimizə tamaşa eləyirdi.

Bir azdan axır ki, doyub, süfrədən əl çəkdik.

Rus tələbələrdən biri gözləmədiyimiz halda danışmağa başladı:

–Tarixlə maraqlanan biri kimi bu həqiqətləri eşitmək ləzzət elədi mənə. Doğrusu mən tarix fakültəsinə girməyə hazırlaşırdım. Odur ki, Azərbaycanın orta əsrlər tarixiylə maraqlanırdım. İş elə gətirdi balım çatmadı, konkursa düşdüm. Növbəti ili geoloji fakültəyə üz tutdum. Bir sualım var, yoldaş Vaxtanq, sizə?

–Buyurun.

–Doğrudan da Şirvanşahla Gürcü çarları belə yaxın

qohum idilərsə niyə Qurucu David 3 dəfə Şirvana hücum eləyib. Onun ölümündən sonra 1139-cu ildə Gəncədə baş verən zəlzələ böyük dağıntılara səbəb olanda, belə ağır vaxtda şəhəri qarət eləməyə gələn gürcülər məşhur Gəncə qapılarını götürüb aparıb Gürcüstana. İndi də bir tayı Gelati monastrında saxlanılır.

Vaxtanq sualı eşidən kimi əvvəlcə mənə baxdı, sonra da üzünü tutdu rusa:

–Adın nədir sənin?

–İqor.

–Millətin nədi bəs?

–Rus.

–Rusdillisən, yoxsa rus?!

–Xalis rusam.

–Bərəkallah, deməli xalis russan?! Unutma ki, qardaşın da qardaşla arası dəyir hərdən, hətta əlbəyaxa da olurlar. Bu o demək deyil ki, onlar düşmən olaraq qalır. Axırda barışırlar. Ona görə ki, yad deyillər, doğmadırlar. – Gürcü yenidən üz tutdu mənə. – Mahmud, vallah, biz XIX əsrə qədər Qafqazda çox mehriban yaşayırdıq. Elə ki, aramıza yad millət gəlib girdi, bizi öyrədib, saldırdı bir-birimizin üstünə – rahatlığımız pozuldu. Bu gün də onun əzabını çəkirik, qohum!

24-31.05.2025