Məmməd Qədir -Qəfil səadətdən qopmasın ürək

Ədəbiyyat 13:00 / 21.08.2026 Baxış sayı: 420

 

Sanki hoop eləyib udub təpəgöz,

Yenə Ayüzlümün səs sorağı yox.

Ya zamanı çatmır, ya da ki o söz,

Azıb gümanlarda, nur çırağı yox.

 

Bilir ki, sallanıb qalmışam teldən,

Bir mesaj yazmasa yıxılacağam.

Qumla davalıdı, nə sorum gildən,

Dərdləri damdıqca yox olacağam.

 

Bəlkə yox olmaqçın qurub bu işi,

Guya ki, görmürəm, üz bağlamışam.

Mən ki, gözləmişəm bəxti, gərdisi,

Bəlkə ruh qapısın tez bağlamışam.

 

Bəs niyə keçənlər deyir ki, bağlan,

Həsrət dənizindən yel çəkəcəksən.

Qəlbinə səhra vur, çatla, qurağlan,

Dağlardan gözünə sel çəkəcəksən.

 

Guya ki, daşqınsız təbiətim var,

Vallah, səngiyəndə lil basır məni.

Yaxşı ki içimdən qopur vulkanlar,

Hər gün od tutmasam kül basır məni.

 

Külün də həyatı küləyəcəndi,

Külək olma, canım, xəfif yel ol gəl.

Onsuz qışın ruhu dumandı, çəndi,

Baharın ovcunda zərif gül ol gəl.

 

Məmməd, zövqünə dal, vəsf et xoş ilə,

Qışdan çıxan çiçək, nə incə, kövrək.

Gəlsən xəbər göndər qaranquş ilə,

Qəfil səadətdən qopmasın ürək..

Y