Əbülfət Mədətoğlu - KÜLƏK
Giribdi qoluma köhnə ərk ilə
Telimlə oynaya, oynaya gedir...
Hətta aradabir alır tərkinə,
Cilovsuz kəhər tək tozanaq edir -
Külək...
Xəzər sahilində üfüq güləndə
Dənizdən boylanır ağ lələkləri...
Səslənir özünü xoşbəxt biləndə
Qağayı!- deyilən su mələkləri -
Külək!
Altında durduğum uca bayrağın
Meydanı genişdi, dalğası layla...
Onun əzəmətin, onun sorağın
Yayır dörd tərəfə harayla, hayla -
Külək!
Gördüyüm mənzərə qələm dəftərsiz
Yaddaşa yazılır, gözlərə köçür
Arada, deyəsən, qısqanclıq edir -
"Sarmaşıq" gənclərin üstündən keçir -
KÜLƏK!